Bakıda çoxmənzilli yaşayış binasında yanğın olub. Sakinlərin Lent.az-a verdiyi məlumata görə, hadisə saat 04.15 radələrində Xətai rayonu, Babək prospekti 94 ünvanında qeydə alınıb. Həmin ünvanda yerləşən “Gövhər” MTK-nın inşa etdiyi yaşayış binasında baş verən güclü yanğın binanın lift şaxtasında olub.
Sakinlər yanğının qarşısını almaqdan ötrü lazım olan vasitələrin olmadığını bildiriblər. Əraziyə çağırılan yanğınsöndürənlərin səyi nəticəsində yanğının qarşısı alınıb. Bildirilir ki, “Gövhər” MTK-nın inşa etdiyi həmin binada yük liftləri quraşdırılmayıb, lift şaxtaları isə insanların həyatı üçün təhlükəlidir.
Fövqəladə Hallar Nazirliyi yanğınla bağlı məlumat yayıb. Lent.az-ın nazirliyin saytına istinadən verdiyi məlumata görə, binada lift şaxtasında mərtəbəarası taxta qəlibləri 40 kv.m sahədə yanıb. Mənzillər yanğından mühafizə olunub. Yanğın saat 05:09-da yanğınsöndürənlər tərəfindən söndürülüb.