Gecə saatlarında Bakıda ağır yol-nəqliyyat hadisəsi baş verib.
APA-nın məlumatına görə, hadisə Bakının Yasamal rayonu ərazisində, "Şamaxinka" adlanan yerdə olub. 1970-ci il təvəllüdlü Hüseynov Xəyyam Telman oğlu 19 BC 612 dövlət nömrə nişanlı VAZ-21011 markalı avtomobillə "20 Yanvar" metrostansiyası istiqamətində yüksək sürətlə hərəkətdə olarkən "Şamaxinka" dairəsindən yolun əks istiqamətinə keçmək istəyib. Lakin sürücü idarəetməni itirib və dəmir məhəccərləri sındıraraq tunelə düşüb. Həmin vaxt tuneldən Sumqayıt istiqamətində hərəkətdə olan və Azər Nağıyevin idarə etdiyi 90 GR 232 dövlət nömrə nişanlı "Mercedes" markalı avtomobil keçirmiş. VAZ-21011 həmin avtomobilin üstünə düşüb.
Qəza nəticəsində VAZ-21011-in sürücüsü Xəyyam Hüseynov ağır bədən xəsarətləri alıb və 1 saylı şəhər klinik xəstəxanasına çatdırılıb. Həmin avtomobildəki 2 sərnişin və "Mercedes"in sürücüsü isə xəsarət almayıb.
Yol-nəqliyyat hadisəsi zamanı ətrafa yanacaq dağılıb. Yanğınsöndürənlər ərazidə təhlükəsizlik tədbirləri görüb.
İlkin ehtimala görə, VAZ-21011-in sürücüsü avtomobili idarə edərkən sərxoş olub.
Faktla bağlı araşdırma aparılır.