Daxili işlər orqanları tərəfindən cinayətkarlığa qarşı mübarizə tədbirləri davam etdirilir. Bakı Şəhər Baş Polis İdarəsinin Metropolitendə Polis Şöbəsinin əməkdaşları tərəfindən son günlər bu istiqamətdə bir neçə əməliyyat tədbiri həyata keçirilib və nəticədə metro stansiyalarında cibgirliklə məşğul olan şəxslər müəyyən edilərək yaxalanıb istintaqa təhvil veriliblər.
Lent.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, dekabrın 8-də Bakı BPİ-nin Metropolitendə Polis Şöbəsinə metronun “Xətai” stansiyasının platformasında Oğuz rayon sakini Sevinc Məmmədlinin çantasından 120 manat və sənəd olan pulqabısının oğurlanması barədə müraciət daxil olub. Faktla bağlı polis əməkdaşları müvafiq əməliyyat-axtarış tədbirlərinə başlayıblar. Nəticədə dekabrın 15-də oğurluğu törətməkdə şübhəli bilinən şəxs müəyyən edilərək saxlanılıb. Araşdırmalarla onun paytaxt sakini Seyfəddin Mustafayev olması müəyyən edilib və digər cinayətlərinin də üstü açılıb. Əməliyyat tədbirləri ilə onun dekabrın 11-də və 12-də metronun “Elmlər Akademiyası” stansiyasının platformasında Masallı və Göyçay rayon sakinləri olan iki qadının içərisində pul, sənəd və bankomat kartları olan pulqabılarını oğurlaması da müəyyən edilib.
Dekabrın 18-də də Metropolitendə Polis Şöbəsinə analoji müraciətlər daxil olub. Beyləqan rayon sakini Səbinə Səfərli və Bakı şəhər sakini Kamran Quliyev metronun “Elmlər Akademiyası” və “Nəriman Nərimanov” stansiyalarının platformalarında ciblərindən mobil telefonlarının oğurlanmaları barədə məlumat veriblər. Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə oğurluğun üstü qısa vaxtda açılıb və bu cinayət əməlini törətməkdə şübhəli bilinən şəxs saxlanılıb. Araşdırmalarla onun Neftçala rayon sakini Natiq Bədəlov olması müəyyən edilib. Baxış zamanı onun üzərindən və kirayədə yaşadığı mənzildən ümumilikdə 4 ədəd - 2 ədəd “Samsunq J-2” , 1 ədəd “LG” və 1ədəd “İphone 5 S” markalı mobil telefonlar aşkar edilərək maddi sübut kimi götürülüb.
Araşdırmalar aparılır.