Bakı-Qazax sərnişin qatarı reysi ləğv ediləcək
19 noyabr 2013 10:06 (UTC +04:00)

Bakı-Qazax sərnişin qatarı reysi ləğv ediləcək

Azərbaycanda sərnişin daşımalarında iqtisadi səmərəliliyin artırılması, təsərrüfata çəkilən xərclərin azaldılması, sərnişinlərin rahatlığının təmin edilməsi və onlara göstərilən xidmət səviyyəsinin daha da yaxşılaşdırılması məqsədilə sərnişin qatarlarında dəyişikliklər aparılacaq.


 

«Azərbaycan Dəmir Yolları» QSC-nin Mətbuat Katibliyinin rəisi Nadir Əzməmmədovun APA-ya verdiyi məlumata görə, dekabrın 1-dən Bakı-Qazax-Bakı sərnişin qatarı reysi ləğv edilərək Bakı-Ağstafa-Bakı sürət qatarının marşrutu Qazax stansiyasınadək uzadılacaq və Bakı-Ağstafa-Qazax-Bakı sürət qatarı adlandırılacaq.

 

Qatar 10 vaqondan ibarət olacaq və sərnişin axını olarsa, qatara əlavə fakultativ vaqonlar qoşulacaq. Bakı-Qazax-Bakı sərnişin qatarı Bakıdan axırıncı dəfə noyabrın 30-da, Qazaxdan geriyə isə dekabrın 1-də yola düşəcək. Həmçinin, Bakı-Ağstafa-Bakı sürət qatarı Bakıdan axırıncı dəfə noyabrın 30-da, Ağstafadan geriyə isə dekabrın 1-də yola düşəcək. Bakı-Ağstafa-Qazax-Bakı sürət qatarı Bakı-sərnişin stansiyasından saat 22:05-də yola düşəcək və Qazaxa saat 09:40-da çatacaq. Qatar Qazaxdan 19:05-də yola düşəcək və Bakı-sərnişin stansiyasına saat 07:25-də çatacaq.

 

Eyni zamanda, Bakı-Tbilisi-Bakı beynəlxalq sürət qatarı reysində sərnişin sıxlığının artırılması məqsədilə Bakı-Böyük Kəsik-Bakı sahəsində bu qatar üçün xüsusi yerli tarif tətbiq ediləcək.


 

 

# 1530
avatar

Oxşar yazılar