Xarici İşlər Nazirliyi (XİN) azərbaycanlı diplomatın Ukraynada qəza törətməsi barədə məlumatlara münasibət bildirib.
XİN-nin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev APA-ya bildirib ki, bəzi KİV-də sosial şəbəkələrə istinadən Azərbaycanın Ukraynadakı səfirliyinin diplomatik heyətə aid əməkdaşının sərxoş vəziyyətdə qəza törətməsi barədə məlumat düzgün deyil.
"Azərbaycan Respublikasının Ukraynadakı səfirliyinin inzibati-texniki heyətinə aid olan əməkdaşın iştirakı ilə avtomobilin texniki nasazlığına görə yol-hərəkət hadisəsi baş verib.
Ukrayna hüquq-mühafizə orqanlarının bu yol-hərəkət hadisəsi ilə əlaqədar hazırladığı aktda da sürücünün sərxoş vəziyyətdə olmadığı təsdiq edilib. Hadisə nəticəsində xəsarət alan yoxdur. Yalnız yol kənarında dayanan avtomobilə zərər dəyib.
Bəzi media orqanlarına sosial şəbəkələrdə gedən yoxlanılmamış materiallardan istifadə etməməyə və verilən məlumatları ilk öncə dəqiqləşdirməyi tövsiyə edirik", - deyə XİN sözçüsü vurğulayıb.
***
13:07
Kiyevdə Azərbaycan səfirliyi əməkdaşının idarə etdiyi avtomobil qəza törədib.
APA-nın Ukrayna mətbuatına istinadən verdiyi məlumata görə, öncə piyada səkiyə, sonra yolun əks istiqamətinə çıxan avtomobil “Renault” markalı maşına toqquşub, ardınca isə “Toyota” markalı maşına dəyib.
“Renault” markalı avtomobilin sürücüsünün ciddi xəsarət aldığı bildirilir. Hadisə yerinə xilasedicilər, polis əməkdaşları və həkimlər briqadası cəlb olunub.