Sumqayıtda zavodda qumbara aşkarlanıb.
Fövqəladə Hallar Nazirliyi Xüsusi Riskli Xilasetmə Xidmətindən (XRXX) APA-ya verilən məlumata görə, bu gün saat 11.06-da 112 Xidmətindən Sumqayıt şəhəri Hacı Zeynalabdin Tağıyev qəsəbəsində yerləşən “Azərikimya” İstehsalat Birliyinin Polietilen Zavodunda partlayıcı qurğu olması barədə daxil olub.
Əməliyyat məlumatına əsasən, XRXX-nin kinoloqları və pirotexniki işlər üzrə mütəxəssisləri hadisə yerinə çıxıblar.
Hadisə yerinə baxış keçirilərkən məlum olub ki, ərazidə aparılan təmir-tikinti işləri zamanı fəhlələr tərəfindən 1 ədəd “F-1” markalı əl qumbarası aşkar edilib.
Xidmətin mütəxəssisləri ərazidəki insanların təhlükəsiz məsafəyə uzaqlaşdırılmasını təmin edib, adıçəkilən əraziyə kənar şəxslərin girişini məhdudlaşdıraraq axtarış əməliyyatına başlayıblar.
Xidmətin mütəxəssisləri tərəfindən aşkar olunmuş F-1 markalı əl qumbarasına baxış zamanı məlum olub ki, döyüşə yararlıdır.
Aşkar edilmiş partladıcı qurğu hadisə yerində olan Xidmətin mütəxəssisləri tərəfindən götürülüb və Hacı Zeynalabdin Tağıyev qəsəbəsinin inzibati ərazisində yerləşən partlatma meydanında partladılaraq zərərsizləşdirilib.
Adıçəkilən ərazidə mütəxəssislər tərəfindən təkrar baxış keçirildikdən sonra digər partlayış təhlükəli əşya aşkar olunmayıb.