Azərbaycan İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən Mənzil Məcəlləsinin və bu sahədə qəbul olunmuş normativ-hüquqi aktların müddəalarının təbliği, formalaşmaqda olan yeni münasibətlərə dair maarifləndirmə işlərinin aparılması, çoxmənzilli binaların yeni idarəetmə üsullarının tətbiqinin sürətləndirilməsi istiqamətində tədbirlər çərçivəsində Bakının Binəqədi rayonunun S.S.Axundov küçəsi,4, İ.Dadaşov küçəsi 90 və 91A ünvanlarındakı üç binada ölkədə ilk dəfə olaraq Mənzil Mülkiyyətçiləri Müştərək Cəmiyyəti (MMMC) dövlət qeydiyyat orqanında «Binəqədi-1» MMMC adı ilə qeydiyyata alınıb. «APA-Economics»in xəbər verdiyi kimi, bu barədə Nazirliyin məlumatında deyilir.
Həmçinin, paytaxtın Nərimanov rayonu, S.Rəhman küçəsi,45 ünvanında yerləşən yeni tikilmiş binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağının qərarına əsasən, həmin binanın saxlanması, abadlaşdırılması və idarə olunması məsələləri müqavilə əsasında idarəetməyə verilib.
Yasamal rayonu, H.Zərdabi küçəsi,89A ünvanında yerləşən yeni tikilmiş 16 mərtəbəli, 150 mənzilli binanın sakinləri tərəfindən də idarəetmə üsulunun seçilməsi məqsədilə ümumi yığıncaq keçirilib, Mənzil Mülkiyyətçiləri Müştərək Cəmiyyəti təsis olunub. Həmin MMMC-nin sənədləri hazırlanaraq qeydiyyat orqanına təqdim olunub.
Hazırda, Binəqədi, Yasamal, Səbail və Nərimanov rayonlarında 21 çoxmənzilli binada Mənzil Məcəlləsindən irəli gələn yeni idarəetmə üsullarının tətbiqi ilə əlaqədar sakinlərlə mütəmadi olaraq görüşlər keçirilir və onlara normativ hüquqi və təşkilati məsələlərdə müvafiq köməklik göstərilir.
Qeyd edək ki, bu sahədə idarəetmə prosesinin daha əhatəli və mükəmməl təşkili məqsədilə beynəlxalq təcrübənin öyrənilməsi və tətbiqi məqsədilə hazırda Avropa Birliyinin maliyyə dəstəyi əsasında «Azərbaycanda mənzil kommunal sahəsində islahatlara dəstək Layihəsi» də həyata keçirilir ki, bu da sahədə islahatların daha da dərinləşməsinə ciddi təkan verəcək.