Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsində Seneqal Respublikası Baş Gömrük İdarəsinin Baş direktoru Papa Ousmane Gueyenin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.
Dövlət Gömrük Komitəsindən Lent.az-a verilən məlumata görə, görüşdən əvvəl nümayəndə heyəti Fəxri xiyabanda mərhum prezident Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil və gül dəstələri qoyublar. Görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın da xatirəsi yad olunaraq məzarı üzərinə tər çiçəklər düzülüb.
Sonra qonaqlar Şəhidlər xiyabanında Azərbaycanın azadlığı və suverenliyi uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini ehtiramla yad edib, məzarları üzərinə tər çiçəklər düzüb, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyublar.
Daha sonra Dövlət Gömrük Komitəsində Seneqal nümayəndə heyəti ilə görüş keçirilib.
Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Aydın Əliyev hələ sovetlər dönəmindən Seneqalla Azərbaycan arasında səmimi münasibətlərin olduğunu, son illərdə isə bu münasibətlərin hər iki ölkənin gömrük orqanları tərəfindən daha da inkişaf etdirildiyini diqqətə çatdırıb. Tərəflər arasında əldə olunan razılığa əsasən, kadrların potensialının gücləndirilməsi istiqamətində iş üzrə artıq Seneqal Gömrük Xidmətinin kinoloqlarının Azərbaycanda təlimlərə başladıqları vurğulanıb. Komitə sədri onu da bildirib ki, yaxın vaxtlarda dost ölkəyə narkotik maddələrin müəyyən edilməsi işində təlim görmüş itlər hədiyyə olunacaq və Azərbaycan gömrükçüləri seneqallı həmkarlarına bütün sahələrdə dəstək göstərəcək.
Seneqal Respublikası Baş Gömrük İdarəsinin Baş direktoru Papa Ousmane Gueye Azərbaycana səfər etməkdən qürur duyduğunu, göstərilən yüksək qonaqpərvərliyə və dəstəyə görə təşəkkürünü bildirib. Azərbaycan gömrüyünün modernləşmə, informasiya texnologiyalarının tətbiqi, kadrların potensialının gücləndirilməsi istiqamətində mühüm addımlar atdığını deyən nümayəndə heyətinin rəhbəri bu sahədə əldə olunan təcrübənin öyrənilməsi və ölkəsində tətbiq edilməsi istiqamətində göstərilən dəstəyə görə bir daha minnətdarlığını ifadə edib.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi də aparılıb.
Görüş başa çatdıqdan sonra isə Seneqal nümayəndə heyəti Dövlət Gömrük Komitəsində gömrük xidmətinin müasirləşdirilməsilə bağlı layihələr və “Hədəf” mərkəzi ilə tanış olublar. Daha sonra qonaqlar Ümumdünya Gömrük Təşkilatının Regional Kinoloji və Tədris mərkəzləri, Dövlət Gömrük Komitəsinin Akademiyası və “Azərterminalkompleks” Birliyinə baş çəkiblər.
Seneqal Respublikası Baş Gömrük İdarəsinin Baş direktoru Papa Ousmane Gueyenin rəhbərlik etdiyi nümayəndə heyətinin Azərbaycana səfəri oktyabrın 22-dək davam edəcək.