Ötən gün Biləsuvar RPŞ-nin əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirilib və nəticədə 6 kiloqrama yaxın narkotik vasitə götürülüb. Lent.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, əldə edilən əməliyyat məlumatı əsasında polis əməkdaşları rayonun Muğanlı kəndi ərazisində “Mercedes” markalı avtomobili saxlayıblar. Baxış zamanı baqajda ehtiyat təkərinin altında içərisində narkotik vasitə olan bağlama aşkar edilərək maddi sübut kimi götürülüb. Avtomobili idarə edən və sərnişini şübhəli şəxs qismində saxlanılaraq Polis Şöbəsinə gətiriliblər.
Araşdırmalarla sürücünün Qazax rayon sakini, əvvəllər məhkum olunmuş Rauf Abbasov, sərnişinin isə Bakı şəhər sakini Cövdət Bayramov olduğu müəyyən edilib. Ekspertiza bağlamada olan narkovasitənin 5 kiloqram 720 qramının tiryək, 40,538 qramının isə heroin olduğu barədə rəy verib.
Faktla bağlı cinayət işi başlanılıb. İstintaq aparılır.