Gəncə Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinin əməkdaşları daxil olan məlumat əsasında əməliyyat tədbiri keçiriblər. Lent.az-ın Dövlət Gömrük Komitəsinin saytına istinadən verdiyi məlumata görə, əməliyyat tədbiri Gəncə şəhərinin Kəpəz rayonu ərazisində yerləşən mağazanın qarşısında baş tutub. Burada Azərbaycan Respublikasının aksiz markasıyla markalanmamış tütün məmulatının satışı və daşınması ilə məşğul olan Gəncə sakininin idarə etdiyi nəqliyyat vasitəsinə gömrük baxışı aparılıb.
Baxış zamanı, avtomobilin salonunda sözügedən şəxsə məxsus 5 ədəd sellofan çantanın və 2 ədəd karton qutunun içərisində xarici ölkələrdə istehsal olunmuş, Azərbaycan Respublikasının aksiz markası ilə markalanmamış cəmi 31.800 ədəd “Pirveli Premium”, “Golden Gate Blue” və “Dubao Red” adlı siqaretlər aşkar edilib. Faktla bağlı araşdırma aparılır.