Bu gün Astara rayon Məhkəməsində həyat yoldaşına dəhşətli işgəncələr verməkdə təqsirləndirilən Çingiz Mehdiyevin cinayət işi üzrə məhkəmənin baxış iclası keçirilib.
APA-nın cənub bürosunun məlumatına görə, hakim İsmayıl Abdurahmanlının sədrliyi ilə keçirilən prosesdə Çingiz Mehdiyev ifadə verib və təqsirini qismən etiraf edib.
Prosesdə, onun həyat yoldaşı, zərərçəkmiş Nisə Xəlilova və şahidlər də dindirilib.
Ç. Mehdiyevin vəkili Natiq Əsədov vəsatətlə çıxış edərək məhkəməyə əlavə şahidlərin dəvət olunmasını və əlavə materialların təqdim olunmasını istəyib.
Məhkəmə vəsatətləri təmin edib.
Proses dekabrın 24-də davam etdiriləcək.
Qeyd edək ki, həyat yoldaşı, 28 yaşlı Nisə Xəlilovaya qarşı zor tətbiq etməkdə, dəhşətli işgəncələr verməkdə ittiham olunan Astara rayonunun Kələdəhnə kənd sakini, 33 yaşlı Cingiz Mehdiyev Cinayət Məcəlləsinin 127.2.2, 145.2.5, 145.2.6 maddələri üzrə təqsirli bilinir.
Xatırladaq ki, Ç. Mehdiye prokurorluğun sanksiyası ilə saxlanılıb və onun barəsində Astara Rayon Məhkəməsinin qərarı ilə 2 ay müddətinə həbs qəti-imkan tədbiri seçilib.