Ankarada "Xocalı Abidəsi və Xocalı Muzeyi" -nin açılışı  olub
28 mart 2014 01:17 (UTC +04:00)

Ankarada "Xocalı Abidəsi və Xocalı Muzeyi" -nin açılışı  olub

0

Martın 27-də  Azərbaycan Türkiyədəki səfirliyinin təşəbbüsi ilə Ankaranın Kızılcahamam rayonunda inşa edilmiş "Xocalı Abidəsi və Xocalı Muzeyi" kompleksinin açılış mərasimi  olub.

 

Səfirlikdən Lent.az-a daxil olan məlumata əsasən, tədbir səfirliyimiz və Ankaranın Kızılcahamam rayon bələdiyyəsinin təşkilatçılığı ilə "31 Mart Azərbaycanlıların Soyqırımı Günü" münasibətilə gerçəkləşdirilib.

 

Geniştərkibli tədbirdə, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının ictimai-siyasi  məsələlər şöbəsinin müdiri Əli Həsənov, tanınmış alim və millət vəkili Yaqub Mahmudov, millət vəkili Cavanşir Feyziyev, Kızılcahamam rayon bələdiyyəsinin başçısı Coşkun Ünal, Kızılcahamam rayonunun icra başçısı Mustafa Çit, Türkiyə Respublikası Xarici İşlər Nazirliyindən idarə rəisi səfir Tahsin Tunç Üğdül, Ankarada akkreditə olunmuş diplomatik nümayəndəlik və beynəlxalq təşkilatların rəhbərləri və təmsilçiləri, çoxlu sayda Kızılcahamam rayon sakini, ictimai-siyasi xadimlər,

Ankarada təhsil alan tələbə və kursantlarımız, eləcə də KİV nümayəndələri iştirak edib.

 

Mərasim, iki qardaş ölkə şəhidlərinin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsinin ardından ölkələrimizin himnlərinin oxunması ilə başlayıb.

 

Daha sonra Əli Həsənov, səfirimiz Faiq Bağırov, Yaqub Mahmudov, Coşkun Ünal və Mustafa Çit çıxış edərək, iki qardaş ölkə xalqına qarşı tarix boyu davam etmiş erməni təcavüzündən geniş şəkildə söz açıblar.

 

Faiq Bağırov ölkəmizin qan yaddaşının gənclərimizin düşüncəsinə aşılanmasında Heydər Əliyevin əvəzsiz rolundan söz açaraq, xalqımıza qarşı tarix boyu həyata keçirilmiş erməni təcavüzü ilə bağlı gerçəkliklərin dünyaya duyurulmasında gənclərə düşən mühüm vəzifələrdən bəhs edib.

 

Əli Həsənov isə çıxışında Kızılcahamam rayon rəhbərliyi və Türkiyə Respublikası hökumətinə təşəkkürlərini dilə gətirib, Xocalı Soyqırımının bütün türk dünyasının müştərək acısı olduğunu nəzərə çatdırıb, xalqımıza qarşı tarix boyu davam etmiş erməni qəsbkarlığı ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə duyurulmasının əhəmiyyətini vurğulayıb və bu kimi fəaliyyətlərin Xocalı Soyqırımı faktı kimi halların bir daha təkrarlanmaması üçün mühüm olduğunu qeyd edib. O, həmçinin Türkiyədə Xocalı Soyqırımı ilə bağlı 3 abidənin olduğunu və 8 bələdiyyə məclisinin Xocalı faciəsini soyqırım kimi tanıdığını diqqətə çatdıraraq, bir gün Türkiyə Böyük Millət Məclisinin də Xocalı faciəsini soyqırımı kimi tanıyacağını ümid etdiyini vurğulayıb.

 

Tədbir iştirakçılarına "İrs-Miras" jurnalı ilə yanaşı erməni təcavüzkarlığı ilə bağlı həqiqətlərə dair materiallar təqdim olunub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 768

Oxşar yazılar