Jurnalist Anar Niftəliyev həyat yoldaşı Elnarə Tofiq qızının (Niftəliyeva) “Medi Sina” klinikasında əməliyyat zamanı dünyasını dəyişməsi ilə bağlı yenidən baş prokurora müraciət edib.
Lent.az-ın məlumatına görə, jurnalist müraciətində mərhum həyat yoldaşının ölümü ilə bağlı Nəsimi rayon Prokurorluğunda aparılan cinayət işinin gedişindən narazı olduğunu dilə gətirib.
A.Niftəliyev müraciətində qeyd edib ki, o, daha öncə də həyat yoldaşı E.Niftəliyevanın ölümü barədə aparılan istintaqla bağlı ölkə başçısı İlham Əliyevə və baş prokuror Zakir Qaralova müraciət edib.
Jurnalist iddia edir ki, bununla belə, işi araşdıran Nəsimi rayon Prokurorluğunun əməkdaşları istintaqın aparılmasına laqeyd yanaşırlar.
A.Niftəliyev baş prokurordan xahiş edir ki, E.Niftəliyevanın əməliyyat zamanı ölümü ilə bağlı aparılan istintaqı nəzarətə götürsün və işin gedişi ilə bağlı ictimaiyyətə məlumat verilsin.
Qeyd edək ki, E.Niftəliyeva sentyabrın 20-də “Medi Sina” klinikasında əməliyyat zamanı dünyasını dəyişib
Məhkəmə Tibbi Ekspertiza və Tibbi Anatomiya Birliyinin rəyində onun ölümünün səbəbi kimi “nəfəs çatışmazlığı” göstərilib.
Jurnalist A.Niftəliyev iddia edir ki, həyat yoldaşının ölümündə onu əməliyyat edən həkimlər günahkardır.