"Keyta danışıq apardığımız futbolçuların sırasında olub”. Bu sözləri apasport.az saytına açıqlamasında “Qarabağ” klubunun icraçı direktoru Əmrah Çəlikəl deyib.
Norveç mətbuatında Polşanın “Lex” klubunun futbolçusu Məhəmməd Keytanın Ağdam klubu ilə anlaşdığı, karyerasını Azərbaycanda davam etdirəcəyi barədə xəbər yayılıb.
Lakin “Qarabağ” rəsmisi Əmrah Çəlikəl məlumatı təkzib edib. O, norveçli hücumçu ilə danışıq apardıqlarını təsdiqləsə də, artıq bu məsələnin qapandığını bildirib: “Dediyim kimi, onunla danışıq aparmışıq. Amma yekunda Keytanın transferindən vaz keçdik. Məşqçilərin fikrincə, həmin futbolçu “Qarabağ”ı gücləndirəcək səviyyədə deyil. Buna görə də, Keytanı heyətimizə qatmağı məqsədəuyğun bilmədik. Hazırda başqa hücumçu ilə də danışıq aparmırıq”.
Qeyd edək ki, 2014-cü ildən “Lex”in futbolçusu olan Keyta son illərdə icarə əsasında “Stabek” və “Stromsqodset” klublarının formasını geyinib. Qambiya əsilli forvard Norveçin U-18, U-21 və U-23 millilərinin şərəfini qoruyub.