Dövlət Gömük Komitəsi yanvarın 7-də bir sıra KİV-lərdə İrandan gələn və Azərbaycandan tranzit keçməklə Rusiyaya kənd təsərrüfatı məhsulları aparan yük maşınlarının Astara Gömrük idarəsinin yük terminalında saxlanılması barədə yayılan məlumata münasibət bildirib.
Məlumatda nəqliyyat vasitələrinin əsassız saxlanıldığı və sürücülərdən qeyri-qanuni ödəmələrin tələb olunduğu bildirilib.
DGK mətbuat xidmətindən APA-ya daxil olan məlumatda bildirilir ki, Astara Gömrük İdarəsinin yük terminalında saxlanılan və əksəriyyəti Rusiya Federasiyasının Dağıstan Respublikasında qeydiyyatda olan yük nəqliyyat vasitələrinin müvəqqəti saxlanılmasına səbəb sürücülərin avtomobillərə gömrük nəzarətinin keçirilməsinə mane olmalarıdır: “Belə ki, nəqliyyat vasitələrinin sürücülərinə Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi dəfələrlə izah olunsa da, onlar müxtəlif bəhanələrlə gömrük nəzarətinin keçirilməsinə mane olmağa cəhd göstərib, əks təqdirdə isə Rusiya Federasiyasına yük daşıyan Azərbaycana məxsus nəqliyyat vasitələrinə Dağıstan Respublikası ərazisində maneə yaradacaqlarını bəyan edərək gömrük əməkdaşlarını təhdid ediblər”.
“Azərbaycan Respublikasının gömrük qanunvericiliyinə görə müvafiq gömrük orqanı lazım bildikdə gömrük sərhədindən keçirilən mal və nəqliyyat vasitələrində yoxlama apara bilər. Sürücülərdən qeyri-qanuni ödəmələrin tələb olunması barədə deyilənlər isə ümumiyyətlə həqiqətə uyğun deyil.
Sürücülər arasında aparılan izahat işləri nəticəsində artıq problem aradan qaldırılıb və yük nəqliyyat vasitələri qanunvericiliyə uyğun olaraq gömrük nəzarətindən keçirildikdən sonra təyinat məntəqələrinə yola salınıb”, -deyə DGK-nın məlumatında bildirilir.