Bakı Teleqülləsinin seysmik sabitliyini Yaponiyadan dəvət edilən mütəxəssislər tədqiq edəcəklər.
Lent.az-ın "virtualaz.org"-a istinafən xəbərinə görə, bu barədə Səbail Rayon İcra Hakimiyyətindən (RİH) bildiriblər.
Yapon ekspertləri Bayıl sürüşmə zonasını yoxlamaq və orada olan retranslyasiya qülləsinin risk dərəcəsini müəyyən etmək üçün ən qısa zamanda Bakıya gəlməlidirlər.
Səbail RİH-dən həmçinin qeyd ediblər ki, Bakı Şəhər Prokurorluğu problemli ərazidə qanunsuz tikinti faktları üzrə yoxlamalara başlayıb.
"Bu ərazidəki tikintinin əksəriyyəti müxtəlif illərdə müxtəlif insanlar tərəfindən qanunsuz tutulmuş sahələrdə aparılıb. Buna baxmayaraq, biz orada yaşayanların hamısının köçürülməsini həyata keçirməyə hazırıq. Hökumət artıq onların müvəqqəti yerləşdirilməsinə vəsait ayırıb. Şübhəsiz, onların hamısına evlərini itirdiklərinə görə kompensasiya ödənəcək. Gələcəkdə orada heç bir tikinti aparılmayacaq, bütün sürüşmə zonasına geniş kök sisteminə malik olan və torpağın bərkidilməsinə imkan yaradacaq ağaclar əkiləcək. Hökumət bu məsələni daim nəzarət altında saxlayır", - deyə RİH-dən vurğulayıblar.