Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Ağsu dolaylarından keçən hissəsinin 149-cu kilometrliyində torpaq sürüşməsi aktivləşib. "Azəravtoyol" ASC-dən Lent.az-a verilən məlumata görə, sürüşmə sahəsi 40 metrədək ərazini əhatə edir. Bu hissədə yol 40-50 sm çöküb.
Sürüşmə qeydə alınan hissənin bərpası üçün əraziyə “Azəravtoyol” ASC-nin texnikası və canlı qüvvəsi cəlb olunub.
Avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətini təmin etmək məqsədi ilə həmin hissədə hərəkət məhdudlaşdırılaraq, ərazidəki alternativ yola yönəldilib.
***
11:37
Bakı-Şamaxı-Yevlax magistral yolunun Ağsu dolaylarından keçən 149-cu kilometrində torpaq sürüşməsi aktivləşib. Nəticədə avtomobillərin hərəkətinə təhlükəli vəziyyət yarandığı üçün əsas yol bağlanıb.
Lent.az-ın AzərTAc-a istinadən xəbərinə görə, yola xidmət edən 16 nömrəli “Yol İstismar” MMC-dən bildirilib ki, həmin ərazidə torpaq şimal-qərb istiqamətindən cənub şərq istiqamətinə, dərin dərəyə doğru sürüşür. Respublikanın ərazisinə yağan sonuncu qardan sonra sürüşmə aktivləşib. Nəticədə 40 metrədək yol sahəsi 40-50 santimetr dərinliyində çöküb. Yolun bərpası ilə əlaqədar “Azəravtoyol” ASC-dən mütəxəssis dəvət olunub.
Sürücülər müvəqqəti olaraq həmin ərazidəki alternativ yoldan istifadə edirlər. Qeyd edək ki, alternativ yoldakı sərt döngə qarlı və şaxtalı havalarda olduqca təhlükəlidir.