Bakıda poçtdan içərisi pulla dolu seyfi oğurlayanlar həbs olunub. Suraxanı Rayon Polis İdarəsindən verilən məlumata görə, hadisə ötən gecə Hövsan qəsəbəsində qeydə alınıb. APA TV-nin xəbərinə görə, Hövsan qəsəbəsində “Azərpoçt”a məxsus poçt filialına dəmir barmaqlıqları qırmaqla daxil olan naməlum şəxslər oradan içərisi pulla dolu seyfi oğurlayıblar. Keçirilən əməliyyat tədbirləri nəticəsində hadisəni törədənlər – Məhəmməd Əsgərov, Nicat Atababayev, Ziya Badantinov və Sübhan Rüstəmov tutulublar.
Saxlanılan şəxslər hadisədən dərhal sonra seyfi dağıdaraq pulları götürmək istəsələr də buna nail ola bilməyiblər. Oğurlanan seyf “Azərpoçt”a təhvil verilib. 30-cu polis bölməsinin rəisi Tuncay Abbasov deyib ki, hadisə ilə əlaqədar dərhal əməliyyat axtarış tədbirləri keçirilib, 4 nəfərdən ibarət qrup zərərsizləşdirilib.
Hazırda həmin şəxslərin digər cinayətlərinin olub-olmaması araşdırılır. Faktla bağlı cinayət işi açılıb.