“Bakı şəhərində hər 1000 nəfərə 330 avtomobil düşür. Bu da çox yüksək rəqəmdir. Bu göstərici Avropa ölkələrində olan rəqəmlərlə təxminən bərabərdir”. Lent.az-ın məlumatına görə, bunu Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Vaqif Əsədov Ümumdünya Yol-Nəqliyyat hadisələri qurbanlarının xatirə gününə həsr olunmuş tədbirdə bildirib. Onun sözlərinə görə, paytaxtda adambaşına düşən maşın göstəricisi artdıqca qəzaların sayında da artım müşahidə olunur.
“Bu da öz növbəsində insanlarda məsuliyyətin daha da artırılmasını, yol polisi əməkdaşlarının öz işini daha da operativ və qüsursuz qurmasını vacib edir. Düzdür, qəzaların azalmasının çıxış yolu maşınlarının sayını azaltmaq deyil. Amma bununla belə istər sürücülər, istər piyadalar, istərsə də yol polisi əməkdaşları bir-birilərinə yardımçı olmalıdırlar ki, qəzalar azalsın”.
Şöbə rəisi onu da vurğulayıb ki, yol qəzalarının 35 faizi Bakı şəhərinin payına düşür.
”Paytaxtda ötən illə müqayisədə 16 yol-nəqliyyat hadisəsi artıb. Qəzaların artmasına sürət həddinin aşılması, qanunsuz manevrlərin edilməsi və digər amillər səbəb olur. Baş verən qəzalarda 294 nəfər ölüb, 247 nəfər isə müxtəlif bədən xəsarətləri alıb”.
Qeyd edək ki, tədbirdə "Jurnalistika və İnkişaf Mərkəzi"nin rəhbəri Elməddin Muradlı, millət vəkili jalə Əliyeva və digərləri mövzu ətrafında geniş çıxış ediblər.