Noyabrın 22-də saxlanılan Əbdül Əbdülovun anası oğlunun “facebook”da “Yaltaqlara dur deyək” adlı səhifənin admini olduğu üçün saxlanıldığını bildirib. Ə. Əbdülovun anası Nurcahan Əbilova Azadlıq Radiosuna deyib ki, oğlu hökuməti tənqid edən yazılar yazıb: ”Heç yerdə iş tapmırdı, elə kasıblıqdan yoldaşını müalicə etdirə də bilmirdi. Bu səbəbdən 3 uşaq itiriblər. Bu şeylərə görə əsəbiləşir, internetdə tənqidi fikirlər yazırdı”.
Ananın söylədiyinə görə, əvvəlcə Əbdülü tezliklə buraxacaqlarını dediklərindən məsələni ictimailəşdirməyiblər. Hətta oğlu zəng edərək bazar ertəsi evə gələcəyini də bildirib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin şöbə rəisi Orxan Mansurzadə isə Əbdül Əbilovun konkret əmələ görə saxlandığını bildirib: “Polislər əməliyyat məlumatları əsasında evinin qarşısında Əbdül Əbilovun üstündən heroin tapıblar. Narkotik maddənin ona məxsus olduğunu etiraf edib, onu evdə də saxladığını bildirib. Özünün iştirakı ilə evlərində axtarış aparılıb. Şahidlərin gözü önündə evlərindən külli miqdarda narkotik maddə götürülüb. Cinayət işi açılıb, barəsində həbs-qətimkan tədbiri seçilib. Onun «Facebook»dakı tənqidi fikirlərinə görə həbs olunması barədə deyilənlər doğru deyil. Bu, ictimai fikri yayındırmaq məqsədi daşıyır”.
Nurcahan Əbilova isə oğlunun həbsi ilə əlaqədar prezidentə teleqram vurduğunu da bildirib.