3 dekabr "Beynəlxalq Əlillər Günü” Sosial Xidmətlərə Təşəbbüs İB (SXT) tərəfindən qeyd edilib. Lent.az-ın məlumatına görə, tədbir əlilliyi olan şəxslərin problemlərinə diqqəti cəlb etmək, eyni zamanda təşkilatın beş illik fəaliyyəti ilə bağlı hesabat xarakteri daşıyırdı. Tədbirdə Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin məsul şəxsləri, UNİCEF-in Bakı nümayəndəliyinin rəsmiləri, müvafiq QHT-lər, ictimaiyyət nümayəndələri və media mənsubları iştirak edib.
1992-ci ildən BMT-nin Baş Assambleyasının qərarı ilə 3 dekabr Beynəlxalq Əlillər Günü kimi qeyd edilir. Azərbaycan "Əlilliyi olan şəxslərin hüquqları haqqında" Konvensiyaya 2 oktyabr 2008-ci ildə qoşulmuşdur. Ölkəmizdə rəsmi qeydiyyatdan keçmiş 520 793 əlilliyi olan şəxs var. Onlardan 62 886 nəfəri uşaqlardır.
Sosial Xidmətlər Təşəbbüsü İctimai Birliyi 2008-ci ildən əlilliyi olan insanların hüquqlarını müdafiə edir və öz fəaliyyətlərində BMT Əlilliyi Olan Şəxslərin Hüquqlarına dair Konvensiyasının təyin etdiyi prinsip və dəyərləri rəhbər tutur.
Yalnız 2013-cü ildə təşkilat 400 əlilliyi olan uşağa xidmət göstərib.
Təşkilat 4 ildir Səyyar Xidmət Layihəsi ilə Quba və İsmayıllı rayonlarında olan uşaqlara, son ildən isə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə birgə Mingəçevir, Ağdaş, Göyçay, Ucar, Oğuz, Qəbələ, Ağsu, Şamaxı, Qobustan rayonlarındakı uşaqlara evdə reabilitasiya xidmətləri, Sumqayıt şəhərindəki Uşaq İnkişaf Mərkəzi vasitəsilə mərkəzləşdirilmiş reabilitasiya xidmətləri göstərir.
SXT Əlilliyi Olan Şəxslərin Hüquqlarına dair BMT Konvensiyası Haqqında Maarifləndirmə Layihəsi, De-İnstitutlaşma Pilot Layihəsi, Reabilitasiya Xidmətlərinin Gücləndirilməsi Layihəsi, İnkişaf və İştirak üçün İdman Layihəsi ilə cəmiyyətin həssas qruplarına yardımını göstərib.
Cəlil