Gəncə şəhərində 1500 məcburi köçkün ailəsi üçün yeni salınmış beşmərtəbəli 25 yaşayış binasından ibarət şəhərciyin açılışı olub. APA TV-nin xəbərinə görə, mərasimə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri, baş nazirin müavini Əli Həsənov və Gəncə şəhər İcra Hakimiyyəti başçısı Elmar Vəliyev qatılıb. Daha sonra isə açılış münasibəti ilə yeni istifadəyə verilmiş Mədəniyyət sarayında konsert proqramı təşkil edilib.
Gəncə şəhərində yeni salınmış şəhərciyə işğal olunmuş 9 rayondan didərgin düşmüş 1500 ailə, yəni 6700 nəfər köçürüləcək. Şəhərciyin tikintisinə 2013-cü ilin mart ayından başlanılıb və tikinti işləri sentyabr ayında yekunlaşıb. Gəncədə ümumi sayı 20 min nəfər olmaqla 5 min məcburi köçkün ailəsi var. Onların 70%-i şəhərdəki yataqxanalarda məskunlaşıb. Ailələrdən 1800-ü tələbə yataqxanalarında yaşayır ki, ilk mərhələdə yeni salınana şəhərciyə 1500 ailə köçürüləcək.