Daxili İşlər Nazirliyi narkotik vasitələrin dövriyyəsinə görə 4 nəfərin saxlanılması ilə bağlı məlumat yayıb. Lent.az nazirliyin saytına istinadən xəbər verir ki, Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Binəqədi rayonu ərazisində Xaçmaz rayon sakini, əvvəllər məhkum olunmuş Rövşən Tarverdiyevdən 1 kiloqram 15 qram marixuana götürülüb.
Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb Bölgəsi üzrə Regional Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində isə Kəlbəcər rayon sakini Tacıəddin Nağıyev 2 kiloqram 465 qram marixuananı Şəki şəhəri ərazisində 7500 manata satarkən tutulub. Ondan əlavə olaraq 5,832 qram marixuana və 2 ədəd elektron tərəzi götürülüb.
Bundan başqa Gəncə ŞBPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakini, əvvəllər məhkum olunmuş Elman Şərifovdan 1 kiloqram 900 qram tiryək götürülüb. Suraxanı RPİ 33-cü PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində isə Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Salman Nəbiyevdən 101,275 qram heroin götürülüb.