“Son sutka ərzində paytaxtda 3 nəfəri don vurub. Onlar da xəstəxanalara yerləşdirilib”. Bunu Lent.az-a Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının (BŞTTTYS) Operativ işlər üzrə şöbəsinin böyük həkimi Zemfira Vahidova bildirib.
Onun sözlərinə görə, 15 nəfər travma ilə təcili yardıma müraciət edib: “Həmin şəxslərdən də 10 nəfəri xəstəxanaya yerləşdirilib. Həmçinin, Bakıda 3 kəllə-beyin travma hadisəsi də qeydə alınıb”.
Z. Vahidova onu da vurğulayıb ki, son sutka ərzində 13 nəfər dəm qazından zəhərlənib ki, həmin şəxslərin 11 nəfəri xəstəxanaya yerləşdirilib.
“Bu gecə Buzovna qəsəbəsində ağır yol qəza hadisəsi baş verib. İki maşının toqquşması nəticəsində avtomobillərdən biri yanıb və nəticədə tam yanmış naməlum kişi meyiti polisə təhvil verilib. Digər avtomobilin sürücüsü isə xəstəxanaya yerləşdirilib”-deyə, böyük həkim əlavə edib.
O deyib ki, ötən gün yol-nəqliyyat hadisələrinin sayı azalıb: “Gün ərzində 4 yol-nəqliyyat hadisəsi baş verib ki, onun da 1-i maşın vurma, 3-ü avtoqəza olub. Hadisələr nəticəsində ümumilikdə 5 nəfər zərər çəkib”.