Bakı Ağır Cinayətlər Məhkəməsində başqasının evindən oğurluq edib torpağını qanunsuz zəbt etməkdə təqsirləndirilən 74 yaşlı Qədəm Tarvediyevanın cinayət işi üzrə məhkəmə prosesində qərar elan edib.
Lent.az xəbər verir ki, hakim Fərid Namazovun sədrliyi ilə keçirilən məhkəmə tərkibi Qədəm Tarverdiyevanın axtarışa verilməsini, barəsində olan qətimkan tədbirinin həbs qətimkan tədbiri ilə əvəz olunmasını və Bakı İstintaq Təcridxanasına yerləşdirilməsi barədə qərar verib.
Dövlət ittihamçısı təqsirləndirilən Qədəm Tarverdiyevanın 7 il müddətinə azadlıqdan məhrum edilməsini təklif etmişdi.
Qeyd edək ki, 1952-ci il təvəllüdlü Qədəm Tarverdiyeva Möhbəli qızı barəsində daxil olan şikayətlər əsasında Bakı Şəhər Baş Polis İdarəsində istintaq aparılıb. İstintaqla müəyyən olunub ki, Q.Tarverdiyeva Binəqədi qəsəbəsində qanunsuz torpaq zəbti və kütləvi oğurluq əməlləri törədib.
İttihama əsasən, Qədəm Tarverdiyeva müxtəlif illərdə iş üzrə əsas zərərçəkənə məxsus torpaq sahələrini zəbt edərək qanunsuz tikintilər - tövlə, hovuz, sanitar qovşağı, köməkçi tikililər tikib. Həmçinin o, 2023-cü ildə zərərçəkənin Binəqədi qəsəbəsində yerləşən həyətinə qanunsuz daxil olaraq videomüşahidə kameralarını sındırıb, evdən ümumi dəyəri 17 min 600 manat təşkil edən çoxlu sayda məişət əşyalarını (soyuducu, televizor, döşək, mebel, xalçalar, qab-qacaq və s.) oğurlayıb. Bundan başqa o, digər zərərçəkən M.Salahovun (zərərçəkənin qonşusu - red.) torpağına qanunsuz daxil olaraq onun həyətindəki dəmir hasarı söküb yerinə yenisini qoyaraq torpağını mənimsəməkdə də ittiham olunub.
Qədəm Tarverdiyeva Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3, 177.2.4 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən, yaşayış sahəsinə qanunsuz daxil olmaqla, xeyli miqdarda ziyan vurmaqla oğurluq) və 188.4.1-ci (torpaq sahəsini özbaşına tutma və qanunsuz tikinti işləri aparma) maddələri ilə təqsirləndirilir.
O, 2024-cü ilin iyun ayında istintaqdan gizləndiyi üçün barəsində axtarış elan olunub və iyul ayında tutularaq saxlanılıb. Barəsində həbslə bağlı olmayan qətimkan tədbiri seçilib.
Xatırladaq ki, Qədəm Tarverdiyeva 2017-ci ildə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə dələduzluq ittihamı əsasında 10 il müddətinə azadlıqdan məhrum edilib. Eyni iş üzrə onun oğlu Nadir Tarıverdiyev də məhkum olunub.
O, 2020-ci ilin aprel ayında xüsusi əfv sərəncamına (əsasən yaşı 65-dən yuxarı olan məhkumlar üçün nəzərdə tutulan humanizm aktı) daxil edilərək cəzanın çəkilməmiş hissəsindən azad olunub.