Suraxanı rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsi əməkdaşlarının keçirdikləri profilaktik tədbir zamanı narkotik vasitələrin təsiri altında avtomobil idarə edən sürücü və sərnişin müəyyən edilib.
Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə. Hövsan qəsəbəsində Abşeron rayon sakini Şəmistan Mirişlinin idarə etdiyi “Chevrolet” maraklı avtomobil manevr qaydalarını pozduğu üçün ona “saxla” işarəsi verilib. Amma sürücü polislərə tabesizlik gösdərərək hərəkətini davam etdirib.
Yol polislərinin gördüyü tədbir nəticəsində sürücü saxlanılıb. Sonra sürücü və onun yanında olan sərnişin, İmişli rayon sakini Elnur Novruzlu polis əməkdaşlarına müqavimət göstərərək hadisə yerindən yayınmağa çalışıblar. Hər iki şəxs saxlanılaraq Polis Şöbəsinə gətirilib. İlkin sorğu zamanı sürücü və sərnişin narkotik vasitə qəbul etdiklərini bildiriblər. Təyin olunan ekspertizanın nəticəsində Şəmistan Mirişli və Elnur Novruzlunun narkotik vasitənin təsiri altında olduqları məlum olub.
Araşdırma zamanı Şəmistan Mirişlinin nəqliyyat vasitəsini sürücülük hüququ olmadan idarə etdiyi də müəyyən edilib. Sürücü və sərnişin barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib olunub. Onların törətdiyi qanun pozuntusuna hüquqi qiymət verilməsi üçün toplanmış material məhkəməyə göndərilib.