Abşeronda azyaşlılara narkotik təklif edilib.
Lent.az-ın məlumatına görə, bu barədə Xırdalan şəhər sakini sosial şəbəkədə paylaşım edib.
O bildirib ki, adları bilinməyən yeniyetmələr futbol oynayan uşaqlara narkotik dərmanlar vermək istəyiblər: “Bu şəkildə gördüyünüz və kameralarımıza düşməyən 14-15 yaşlarında oğlan uşaqları bu gün axsam saat 10 radələrində Xırdalan şəhəri "AAAF Park" Yaşayış Kompleksinin 11 saylı küçəsinin blok girişləri tərəfdə bütün oynayan uşaqlara "konfet, saqqız" adı ilə ağ həblər təklif ediblər. Bizim uşaqlar bildirəndə ki, biz bilirik bunlar nədir, onlar da deyib ki, sizin bilmədiyiniz şeylərdəndir. Bir sözlə, uşaqlar çox pis bir təlaşla bizə zəng vurdular ki, narkomanlar həyətdə uşaqlara nəsə təklif edirlər".
Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev bildirib ki, sözügedən hadisə ilə polis məlumatlıdır.
Onun sözlərinə görə, hazırda həmin şəxslərin tapılması üçün müvafiq araşdırmalar aparılır.