ABŞ məhkəməsi yeddinci dəfə sərxoş halda avtomobil idarə etdiyinə görə həbs edilən kişini 99 il həbs cəzasına məhkum edib.
Lent.az-ın xarici mediaya istinadla məlumatına görə, Vircil Brayant Texas ətrafındakı şossedə həbs edilib. Polis həmin şəxsin avtomobilində spirtli içki şüşələri tapıb və onun qanında spirtin konsentrasiyası qanunla müəyyən edilmiş həddən 3 dəfə artıq olub.
Vircilin 14 il ərzində sərxoş halda avtomobil idarə etdiyinə görə yeddi dəfə həbs edildiyi bildirilir. Bundan əlavə, 2009-cu ildə həmin şəxs 40 il müddətinə həbs edilsə də, 2019-cu ildə şərti azadlığa buraxılıb.
Brayant sərxoş vəziyyətdə maşın sürdüyünə görə yenidən həbs edildikdən sonra məhkəmə onu 99 il həbs cəzasına məhkum edib. İşə baxan andlılar belə nəticəyə gəlib ki, həmin şəxs sərxoş halda avtomobil idarə edərkən avtomobildən silah kimi istifadə edə bilərdi.