Gəncə Polis İdarəsinin rəisi açıqlama verdi
27 iyun 2009 14:00 (UTC +04:00)

Gəncə Polis İdarəsinin rəisi açıqlama verdi

“Yayılan xəbərlər şəhərin hüquq-mühafizə orqanları və icra hakimiyyətinin rəhbərliyini biri-birinə qarşı qoymaq məqsədi güdür”


Gəncə şəhər Polis İdarəsinin rəisi polis polkovniki Rasim Musayev 5 il əvvəl Gəncədə törədilən 2 ağır cinayət barədə KİV-də yayılan məlumatlara münasibət bildirib.


R.Musayev Lent.az-a açıqlamasında deyib ki, may ayının sonlarında, Gəncə şəhərində 2003-2004-cü illərdə törədilmiş iki ağır cinayətin üstünün açılması, bu qətllərin sifarişçisi, iş adamı Şöhrət Quliyevin və icraçıların məsuliyyətə cəlb olunması ilə bağlı KİV-də Daxili İşlər Nazirliyinin və Respublika Baş Prokurorluğunun rəsmi məlumatı yayılıb. Cinayətkar qrupun üzvlərinin digər cinayətlərdə iştirakının olub-olmamasının müəyyənləşdirilməsi istiqamətində nazirliyin və Baş Prokurorluğun peşəkar əməkdaşlarından ibarət əməliyyat-istintaq qrupu zəruri tədbirləri davam etdirir.


“Təəssüf hissi ilə qeyd edirəm ki, son vaxtlar müxtəlif mətbuat orqanlarında bu cinayətin istintaqı ilə bağlı, Şəhər Polis İdarəsinin rəisi kimi mənim barəmdə heç bir əsası olmayan məlumatlar yayılır. Cinayətin açılmasında fəal iştirak etmiş şəhər prokuroru Adil Vəliyevin, son illər şəhərin infrastrukturunun müasirləşdirilməsində xüsusi xidmətləri olan İcra Hakimiyyətinin başçısı Eldar Əzizovun, eləcə də digər vəzifəli şəxslərin adları hallandırılır. Bildirirəm ki, bütün bunlarla Gəncə şəhərinin hüquq-mühafizə orqanları və icra hakimiyyətinin rəhbərliyini biri-birinə qarşı qoymaq, dolayısı ilə onları ayrı-ayrılıqda nüfuzdan salmaq, beləliklə şəhər ictimaiyyəti arasında bu orqanlara qarşı inamsızlıq yaratmaq məqsədi güdülür”, deyə polis rəisi qeyd edib.


Polkovnik bildirib ki, baş vermiş cinayətin hərtərəfli, tam və obyektiv araşdırılması, bütün iştirakçıların müəyyən edilərək ədalət mühakiməsinə verilməsi üçün Respublika Baş Prokurorluğunun və Daxili İşlər Nazirliyinin rəhbərliyi bu məsələni daimi olaraq nəzarətdə saxlayır, istintaqı aparan prokurorluq və əməliyyat-axtarış fəaliyyətini həyata keçirən polis orqanlarına gündəlik nəzarət və lazımi tələbkarlıq həyata keçirilir: “Bu ağır cinayətin açılmasından həqiqi narahat olan və təşvişə düşərək mətbuata belə uydurmalar ötürənlərin uğursuz cəhdləri isə heç bir nəticə verməyəcək, Gəncənin hüquq-mühafizə orqanları cinayətkarlığa qarşı mübarizəni daha da qətiyyətlə davam etdirəcək”.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1022

Oxşar yazılar