Əcnəbilərin bank hesablarındakı pulları mənimsəyən dəstə zərərsizləşdirilib
23 iyun 2009 12:30 (UTC +04:00)

Əcnəbilərin bank hesablarındakı pulları mənimsəyən dəstə zərərsizləşdirilib

Azərbaycan vətəndaşları və əcnəbilərdən ibarət dəstənin üzvləri 100 minlərlə dollar talayıblar



Elçin Abbasovun adına «Nur-AB» Məhdud Məsuliyyətli Cəmiyyəti təsis etmiş və onu hüquqi şəxs kimi dövlət qeydiyyatından keçiriblər.

Milli Təhlükəsizlik Nazirliyi (MTN) tərəfindən keçirilən növbəti əməliyyat-axtarış tədbirləri nəticəsində, kompüter informasiyasına qanunsuz daxil olub xarici vətəndaşların müxtəlif bank hesablarındakı pul vəsaitlərinin talanması ilə məşğul olan Azərbaycan və xarici ölkələrin vətəndaşlarından ibarət transmilli mütəşəkkil dəstə ifşa olunub.

Bu barədə Lent.az-a MTN ictimai əlaqələr mərkəzindən məlumat verilib. Müəyyən edilib ki, Azərbaycan Respublikasının vətəndaşları – Vəliyev Elqan Hikmət oğlu, Abbasov Elçin Bəyverdi oğlu, Həsənov Ruslan Abidin oğlu, Həsənzadə Abidin Nüsrət oğlu, həmçinin Suriya Ərəb Respublikasının vətəndaşı İbrahim Məhəmməd Əhməd oğlu və hazırda şəxsiyyətləri istintaqla araşdırılan xaricdə yaşayan əcnəbilər mütəşəkkil dəstənin tərkibində qanunla qorunan kompüter informasiyasına qanunsuz daxil olaraq onların surətlərini əldə ediblər.


Mütəşəkkil dəstənin üzvləri həmin informasiyalar vasitəsilə ayrı-ayrı fiziki şəxslərə məxsus elektron bank hesablarından böyük məbləğdə pul çıxarıblar və onların mənafeyinə külli miqdarda ziyan vurmaqla həmin pul vəsaitini gizli olaraq talayıblar.


Məlum olub ki, Elqan Vəliyev, Elçin Abbasov, Ruslan Həsənov, Abidin Həsənzadə və Məhəmməd İbrahim istintaq sirri olduğuna görə adları açıqlanmayan xarici ölkə vətəndaşları ilə cinayət əlaqəsinə girərək, Elçin Abbasovun adına «Nur-AB» Məhdud Məsuliyyətli Cəmiyyəti təsis etmiş və onu hüquqi şəxs kimi dövlət qeydiyyatından keçiriblər. Daha sonra mütəşəkkil dəstənin əcnəbi üzvləri ABŞ, Kanada, Birləşmiş Ərəb Əmirlikləri, Almaniya, İsveç və digər xarici ölkələrin banklarının müştərilərinə məxsus külli miqdarda plastik kartların nömrə və kodlarını qeyri-qanuni əldə edərək dəstənin Azərbaycandakı üzvlərinə göndəriblər.

Qanunsuz əldə olunmuş həmin kompüter informasiyaları əsasında mütəşəkkil dəstənin buradakı üzvləri Elqan Vəliyevin başçılığı və təşkilatçılığı ilə kredit kartlar vasitəsilə nağdsız ödənişlərin həyata keçirilməsi üçün istifadə edilən «Nur-AB» Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus «POS-terminal» vasitəsilə təxminən 300 min AZN məbləğində pulun «Nur-AB» MMC-nin hesabına köçürülməsinə nail olublar.


Belə ki, mütəşəkkil dəstə tərəfindən «POS-terminal» vasitəsilə təkcə Almaniya banklarının müştərilərinin plastik kartlarının kodlarından istifadə edilərək 130 min AZN məbləğində saxta nağdsız hesablaşma əməliyyatları aparılıb, həmin vəsaitin «Nur-AB» MMC-nin hesabına köçürülməsi təşkil edilib və 2009-cu il may ayının əvvəlində 54 min manat məbləğində pul vəsaiti «Nur-AB» MMC-nin bank hesabından çıxarılıb. Dəstənin üzvləri ümumi vəsaitin 73 min manatdan artıq qalan hissəsini isə əvvəlki üsulla bir neçə dəfə hesablardan çıxarmağa cəhd etsələr də, Bakıda fəaliyyət göstərən kommersiya banklarından biri tərəfindən «Nur-AB» MMC-nin hesabı bloklaşdırıldığından onlar öz məqsədlərinə nail ola bilməyiblər.


Bundan başqa, Elqan Vəliyevin başçılığı ilə dəstənin üzvləri 2009-cu ilin iyun ayının əvvəlində növbəti dəfə «Nur-AB» MMC tərəfindən «POS-terminal»la saxta plastik kartlar vasitəsilə 160 min 900 AZN məbləğində nağdsız əməliyyatın aparılmasını təşkil ediblər. Elqan Vəliyevin göstərişi ilə Elçin Abbasov və Abidin Həsənzadə 2009-cu il iyunun 8-də həmin vəsaitin çıxarılmasını asanlaşdırmaq məqsədilə Bakıdakı bir bankın hesabından digər bankın hesabına köçürülməsinə cəhd edərkən MTN əməkdaşları tərəfindən xüsusi qabaqlayıcı əməliyyat planı əsasında cinayət başında yaxalanıblar.


Faktla bağlı MTN İstintaq Baş İdarəsi tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 271.2.1-ci və 271.2.3-cü, (mütəşəkkil dəstə tərəfindən kompüter informasiyasına qanunsuz daxil olma ilə külli miqdarda ziyan vurma), 177.3.1-ci və 177.3.2-ci (mütəşəkkil dəstə tərəfindən özgənin əmlakını külli miqdarda ziyan vurmaqla gizli olaraq talama) maddələri ilə cinayət işi başlanılıb, Elqan Vəliyev, Elçin Abbasov, Ruslan Həsənov, Abidin Həsənzadə və Məhəmməd İbrahim təqsirləndirilən şəxs qismində cəlb olunaraq məhkəmənin qərarı ilə barələrində həbs qətimkan tədbiri seçilib.

Cinayət işi üzrə bütün halların araşdırılması, bu hüquqazidd əməllərin digər iştirakçılarının müəyyən olunması üçün zəruri istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 915

Oxşar yazılar