Sankt-Peterburqda “Ağdam bandası”nın üzvlərinə hökm oxunub
10 oktyabr 2012 11:13 (UTC +04:00)

Sankt-Peterburqda “Ağdam bandası”nın üzvlərinə hökm oxunub

Leninqrad Hərbi Məhkəməsi beş nəfərin qətlə yetirmiş “Ağdam bandası” adlanan cinayətkar qruplaşmanın üzvlərinə hökm oxuyub. APA-nın məlumatına görə, ittihamlar üzrə günahkar bilinən dörd nəfər 21 ildən 24 ilədək azadlıqdan məhrum edilib. Saxlanan bir nəfər isə məhkəmə zalından azadlığa buraxılıb.

Azərbaycanlılardan ibarət cinayətkar qruplaşmanın üzvləri barədə 2009-cu ilin yayında cinayət işi başlanıb. Həmin ilin aprelində ərzaq satışı pavilyonunun sahibinin qızı, 22 yaşlı tələbə Rumiyə Kərimova dərsə gedib və geri qayıtmayıb. Daha sonra qızın üzərində zorakılıq əlamətləri aşkarlanan meyiti tapılıb, faktla bağlı qətl maddəsi üzrə cinayət işi başlanıb.

Peterburq hüquq-mühafizə orqanlarının əməkdaşları isti izlərlə cinayətin törədilməsində şübhəli bilinən Elnur Qafarov və Samir Məmmədovu saxlayıblar. Onlar istintaq verdikləri ifadədə qızın qətlinin atası Qafar Kərimov tərəfindən sifariş verildiyini bildiriblər. Qafarov və Məmmədov bildirib ki, atası qızının əxlaqsız hərəkətlərini və milli adət-ənənəyə uyğun hərəkət etmədiyini əsas gətirərək onun öldürülməsi üçün muzdlu qatil tutub. Qafar Kərimov həbs olunub və əsl cinayətkarlar aşkarlanana kimi həbsdə qalıb.

İstintaq işinin materiallarına görə, qızının ölümündən əvvəl bir neçə il ərzində müəyyən şəxslər sahibkardan biznesinin “himayə olunması üçün” haqq tələb ediblər. Sahibkardan hər ay 10 min rubl haqq vermək tələb olunub. 2009-cu ildə onun “Mersedes”i yandırılıb, apreldə isə qızı qətlə yetirilib.

İstintaqın versiyasına görə, bu cinayətlərin arxasında Azərbaycan diasporu arasında “avtoritet” sayılan Murad Məmmədov dayanırmış. Hüquq-mühafizə orqanları cinayətlərin digər iştirakçılarını da aşkarlamağa müvəffəq olublar, onlar hamısı Azərbaycanın Ağdam rayonunun sakinləri olub. Murad Məmmədov vətənə qayıtmağa müvəffəq olub, Rusiya Baş Prokurorluğu onun ekstradisiyasını xahiş etsə də, Azərbaycan məhkəmələrindən biri bu xahişin rədd edilməsi barədə qərar çıxarıb.

İstintaq materiallarına əsasən, “Ağdam bandası” beş qətlin törədilməsində, Qafar Kərimovun “Mersedes”inin yandırılmasında, dələduzluqda, qanunsuz odlu silah satışı ilə məşğul olmaqda ittiham edilir. İttiham olunan şəxslər arasında Rusiya Silahlı Qüvvələrinin podpolkovniki Ədalət Əmrahov da olub.

Məhkəmə prosesi insidentsiz ötüşməyib. Bu ilin may ayında naməlum şəxslər zərərçəkən Qafar Kərimova hücum edərək, onu döyüblər. Faktla bağlı bədənə qəsdən ağır xəsarət yetirmə maddəsi üzrə cinayət işi başlansa da, hələlik konkret heç kəsə qarşı ittiham irəli sürülməyib.

Dünən Leninqrad hərbi məhkəməsi bu iş üzrə ittiham olunanlara hökm oxuyub. Məhkəmə qanunsuz silah satışında ittiham olunan şəxslərə bəraət verib. Lakin Ədalət Əmrahov, Samir Məmmədov, Xəqani Kərimov və Andrey Putienko banditizm, qətl, başqa şəxsin əmlakını bilərəkdən məhv etmək maddələri ilə günahkar biliniblər. 21 ildən 24 ilədək həbs cəzası alan bu şəxslər cəzalarını ağır rejimli islah əmək koloniyasında çəkəcəklər. Famil Məmmədov isə azadlığa buraxılıb, 2 il yarım istintaq təcridxanasında qalan Məmmədovun bəraət üçün müraciət etmək hüququ tanınıb.

Xatırladaq ki, bundan əvvəl Peterburq şəhər məhkəməsi Rumiyə Qafarovanın qətlində günahkar bilinən Elnur Qafarovu 9,5 il müddətinə azadlıqdan məhrum edib. Onun daha az cəza almasına səbəb könüllü olaraq cinayət işinin digər iştirakçılarına qarşı ifadə verməsi olub.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2623

Oxşar yazılar