İranın ali dini lideri Əli Xamneyi 8 il ərzində ilk dəfə prezident Mahmud Əhmədinejadı tənqid edib.
Lent.az-ın “mignews.com” saytına istinadən verdiyi məlumata görə, Mahmud Əhmədinejad fevralın 3-də parlamentdə qalmaqal yaradıb.
Buna səbəb Mahmud Əhmədinejadın parlamentin istefasını tələb etdiyi əmək naziri Abdulreza Şkeyxolislamı müdafiə etməsi olub. Abdulreza Şkeyxolislamın Sosial Təminat Fonduna direktor təyin etdiyi Səid Mortazavi 2009-cu ilin iyulunda aksiyaçılara qarşı işgəncədə günahlandırılır və hazırda istintaq altındadır. Mahmud Əhmədinejad isə nazirin istefasını tələb edən deputatlar qarşısında çıxış edərkən parlamentin spikeri Əli Laricani və onun qardaşını korrupsiyada ittiham edib. Daha sonra isə parlamentə qarşı saymamazlıq nümayiş etdirərək istintaq altındakı Səid Mortazavini sosial məsələlər üzrə məsləhətçisi təyin edib. Səid Mortazavinin adı Misirdə gedəcək nümayəndə heyətinin də tərkibinə salınıb.
Əli Xamneyi isə Tehrandakı çıxışı zamanı deyib ki, icra hakimiyyətinin rəhbəri hakimiyyətin iki qanadına qarşı əsassız ittiham irəli sürüb: “Bu, qəbuledilməz hərəkətdir, xalqın iradəsi ilə ziddiyyət təşkil edir, mənəvi normaları və şəriət qanunlarını pozur”.
İranın ali dini lideri deputatları da tənqid edib: “Nazirin hər hansı şəxsi bir vəzifəyə təyin etdiyinə görə istefasını tələb etmək də düzgün deyil. İstefa tələbi hər hansı təyinatla bağlı ola bilməz”.