Bu gecə İstanbul valisi Avni Mutlu Gezi parkında aksiya keçirən gənclərin bir qrupu ilə görüşüb.
Lent.az-ın Türkiyənin “NTV” telekanalına istinadən verdiyi məlumata görə, Avni Mutlu gəncləri “Twitter” sosial şəbəkəsi üzərindən görüşə dəvət edib, eyni zamanda mobil telefon nömrəsini elan edib.
Görüş Dolmabahçedəki “Saat Qülləsi” kafesində baş tutub. Ümumilikdə 150-dək gəncin qatıldığı görüş 5 saatdan çox davam edib və səhər saat 7:05 radələrində başa çatıb. Görüşdən sonra açıqlama verən Avni Mutlu deyib ki, baş nazir Rəcəb Tayyib Ərdoğanın Ankaradakı son çıxışı gənclər tərəfindən müsbət qarşılanıb: “Gənclərin hörmətli davranışları diqqətimi çəkdi. Rəcəb Tayyib Ərdoğandan bəhs edərkən hamısı “baş nazirimiz” deyirdilər. Toplantıdan əvvəl və sonra gənclərimizin düşüncələrində fərqlər yarandı. Görüşə daha hirsli gəlmişdilər, ancaq 5 saat ərzində etdiyimiz söhbətdə hər kəsi yaxşı tanıdıqlarını gördüm. Biz çox gənc bir ölkəyik, gəncləri anladığımızı onlara hiss etdirmək lazımdır. Övladının Gezi parkında qalmasını istəməyən bir ata da məni axtardı və övladının parkdan evə gətirilməsini xahiş etdi. Hətta o gəncimiz də bu axşam bizimlə görüşdə iştirak edirdi”.
Avni Mutlu bildirib ki, gənclər onu parka istirahətə dəvət ediblər: “Gezi parkına həssaslıqlarının davam edəcəyini bu sözlərdən də anlaya bilərik. Mən də gənclərə dedim ki, çadırlarınızı bazar gününə qədər yığışdırın, parka gəlim. Bir az səbrlə bu işi həll edəcəyimizə inanıram. Gənclərin pakda qalaraq bu aksiyanı davam etdirməyə inad etməyəcəklərini gördüm. Gənclərin parkda yetərli qədər qaldıqlarını və baş nazirin mesajlarına həssas yanaşdıqlarını hiss etdim”.