Türkiyədə 14 il sonra ilk dəfə
28 oktyabr 2013 18:57 (UTC +04:00)

Türkiyədə 14 il sonra ilk dəfə

Türkiyədə 14 il sonra bir ilk yaşanacaq. Lent.az-ın Türkiyə mediasına istinadən xəbərinə görə, hakim Ədalət və İnkişaf Partiyasının (AKP) 3 deputatı oktyabrın 31-də Türkiyə Böyük Millət Məclisinə hicabla gələcəklərini açıqlayıblar.

 

Ötən həftə Həcc ziyarətindən qayıdan qadın millət vəkilləri parlamentin növbəti iclasında başlarını örtəcəklərini bildiriblər.

 

AKP-li deputatlar Nurcan Dalbudak, Sevde Bayazıt Kaçar və Gülay Samancının parlamentin 3 gün sonra keçiriləcək iclasına hicabla gələcəklərini açıqlaması Türkiyə siyasi gündəminə də bomba kimi düşüb.

 

Qeyd edək ki, qadın deputatın Türkiyə parlamentinə hicabla daxil olması halı ilk və son dəfə 1999-cu ildə yaşanmışdı. O zamanlar Nəcməddin Ərbakanın sədri olduğu Fəzilət Partiyasından deputat seçilən Mərvə Kavakçı parlamentə hicabla gəlmiş və and içmə mərasimində belə çıxış etmək istəmişdi.

 

Dövrün baş naziri Bülənt Əcəvit isə spikerdən qadın deputatı parlamentdən çıxarmağı tələb etmişdi. Baş nazirin sərt təpkisindən sonra TBMM-dəki qadın deputatların etirazının ardından isə Mərvə Kavakçı parlamenti tərk etmiş və daha sonra ABŞ vətəndaşı olduğunu bildirmədiyi üçün Türkiyə vətəndaşlığından çıxarılmışdı.

 

Məsələ ilə bağlı danışan baş nazir Ərdoğanın müavini Bəkir Bozdağ qadın deputatların parlamentə hicabla girməsində heç bir qadağanın olmadığını bildirib.

 

Ana müxalifət partiyası olan Cumhuriyyət Xalq Partiyası isə buna icazə verməyəcəklərini açıqlayıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1695
avatar

Oxşar yazılar