Taylandda 18 gün baş məşqçiləri ilə birgə mağarada köməksiz vəziyyətdə qalan yeniyetmə futbolçuların hamısı xilas edildikdən sonra keşiş olmaq haqqında qərar verib.
Lent.az sozcu.com.tr-yə istinadla bildirir ki, 18 gündən sonra ABŞ və Tayland xilasediciləri tərəfindən gün işığına çıxan futbolçular baş məşqçiləri ilə birgə buddist ibadətgahında keşiş andı içiblər. 11-16 yaş arasında olan uşaqlardan yalnız biri keşiş olmaqdan imtina edib və keşişlik mərasiminə qatılmayıb.
Saçlarını keçəl qırxdıran uşaqlar qaydalara görə dua ediblər və bundan sonra ibadətgahın qulluqçuları olduqları ilə bağlı “rəsmi and” içiblər.
Onlar 9 gün buddist ibadətgahında qapalı və qaranlıq mühitdə qalaraq ruhlarını təmizləyəcəklərini bildiriblər.
Qeyd edək ki, bir ay öncə Taylandda 13 nəfər azyaşlı futbolçu və onların 25 yaşlı baş məşqçisi mağarada qalmışdı. Dünya mediasının gündəmini zəbt etmiş hadisəyə Birləşmiş Ştatlardan gələn xilasedicilər də qoşulmuşdu. 48 saatlıq əməliyyat planından və görülmüş tədbirlərdən sonra azyaşlı futbolçular mağaradakı bataqlıqdan xilas edilmişdilər.