Türkiyə hökuməti Suriya ilə sərhəddə sədd çəkmək barədə qərar qəbul edib.
Lent.az-ın Türkiyə NTV-sinə istinadən məlumatına görə, bu barədə ötən gün gömrük və ticarət naziri Həyati Yazıçı bildirib.
Onun sözlərinə əsasən, 2,5 km uzunluğunda sədd Hatay əyalətindəki Cilvəgözü nəzarət-buraxılış məntəqəsinin ətrafında tikiləcək.
Həyati Yazıçı bildirib: «Söhbət Suriya ərazisindən Türkiyəyə qanunsuz keçidin qarşısını almaq məqsədi ilə tikanlı məftil, nəzarət videokameralarla təchiz olunacaq divardan gedir».
Bundan öncə rəsmi Ankara Reyhanlıdan 90 km aralıda, Suriya ilə sərhəddə yerləşən Yayladağı nəzarət-buraxılış məntəqəsini də bir aylığa bağlamağı qərara alıb.