Şimali Kipr Türk Cümhuriyyətinin (KKTC) prezidenti Dərviş Əroğlu Doğu Akdeniz Universitetində (DAÜ) Beynəlxalq Elm Olimpiadasında hazırlanan azərbaycanlı tələbələri qəbul edib.
APA-nın Şimali Kipr mediasına istinadən verdiyi məlumata görə, D.Əroğlu görüşdə belə bir böyük tədbirə qatılmaq üçün seçimin özünün böyük nailiyyət olduğunu söyləyib.
DAÜ-də təhsil alan bütün uşaqların bacarıqlı və savadlı olduqlarını, bu heyətə daxil olan Azərbaycanlıların xüsusi seçildiklərini vurğulayıb. Gələcəkdə onların Azərbaycan dövlətində önəmli yer tutacaqlarını bildirib.
D.Əroğlu Azərbaycanın gələcəyi olan gənclərin KKTC-yə səfərinin Kipr türkləri baxımından da önəm daşıdığını qeyd edib: «İnşallah, burada qurduğunuz dostluqlar davam edər. Sizi gözləyən çox gözəl bir gələcək var».
Qeyd edək ki, DAÜ ilə Azərbaycan arasında imzalanmış əməkdaşlıq protokoluna əsasən, may ayında ABŞ-ın Arizona şəhərində keçiriləcək Beynəlxalq Elm Olimpiadasına qatılacaq Azərbaycan milli komandasının üzvlərinə DAÜ-də bir həftəlik dərslər keçiriləcək.