“Ermənistan və Türkiyə arasında münasibətlərin normallaşdırılmasına yönəlik səylər nəticə vermədi”.
Lent.az-ın Ermənistan mətbuatına istinadən verdiyi məlumata görə, Ermənistan prezidenti Serj Sərkisyan bunu Avropa Şurası Parlament Assambleyasında çıxışında söyləyib.
Sərkisyan deyib ki, Ankara Ermənistanla münasibətləri yaxşılaşdırmağa hazır deyil: “Mən səbəblər barədə danışmaq istəmirəm. Ancaq fikrimcə, yaxın vaxtlarda Türkiyə parlamenti Türkiyə və Ermənistan arasındakı protokolları ratifikasiya etməyə hazırlaşmır. İki ölkə arasında münasibətlərin olmamasının səbəbkarı biz deyilik”.
Qeyd edək ki, 2009-cu il oktyabrın 10-da Surix şəhərində Türkiyə və Ermənistan arasında münasibətlərin normallaşdırılması və sərhədlərin açılmasını nəzərdə tutan iki protokol imzalanıb. Protokollar daha sonra bu ölkələrin parlamentlərində təsdiqlənməli idi.