Ukraynanın Krım Muxtar Respublikasındakı Rusiya konsulu istefa verib. İstefaya səbəb Vladimir Andreyevin II Dünya müharibəsi vaxtı krım tatarlarının deportasiyası haqda dedikləridir.
Andreyev istefasını mayın 24-də jurnalistlərə açıqlayarkən, bu addımını Rusiya Xarici İşlər Nazirliyinin tutduğu mövqeyə etiraz olaraq atdığını bildirib.
3 gün qabaq konsul yerli televiziyaya müsahibəsində deyib ki, 1944-cü ildə Krım tatarlarının Orta Asiyaya və Sibirə sürgününün «tatarların nasistlərlə əməkdaşlıq etməsi və satqınlıqla birlikdə götürülməli»dir.
Krım tatarlarının liderləri Andreyevin bu bəyanatını pisləyərək, bildiriblər ki, konsul belə deməklə, «on minlərlə tatarın ölümünə bais olan sürgünə haqq qazandırır».
Rusiya XİN isə mayın 24-də yaydığı bəyanatda «Andreyevin dediklərində həssas məsələ ilə bağlı qeyri-korrekt elementlər»in olduğunu bildirib.