Ruhani öndə - İLKİN NƏTİCƏLƏR
15 iyun 2013 10:22 (UTC +04:00)

Ruhani öndə - İLKİN NƏTİCƏLƏR

İyunun 14-də İranda keçirilmiş XI dövr prezident seçkilərinin ilkin nəticələri açıqlanıb.

 

APA-nın “Fars” xəbər agentliyinə istinadən məlumatına görə, hazırda 5 mln. 378 min 714 səs sayılıb. Onlardan 5 mln. 211 min 245 bülleten etibarlı, 167469-u hesab edilib. Bu nəticələrə görə, İran islahatçılar və mötədillər düşərgəsinin (eks-prezidentlər Əli Əkbər Haşimi Rəfsəncani və Məhəmməd Xatəminin tərəfdarları) dəstəklədiyi Həsən Ruhani 2 mln. 720 min 144 səslə (52%) öndədir.

 

Məhəmmədbağır Qalibaf 903389 (17%), Səid Cəlili 670924 (13%), Möhsün Rzayi 536725 (10%), Əli Əkbər Vilayəti 305529 (6%) və Məhəmməd Qərəzi 65934 (1%) səs toplayıb. Son hesablamalara görə, İranın islahatçılar düşərgəsi 52%, mühafizəkarlar düşərgəsi 33% və müstəqillər düşərgəsi isə 14% səs toplayıb.

 

Qeyd edək ki, prezident seçkilərində səsvermə prosesi yerli vaxtla səhər saat 08:00-da başlayıb. İranda səsvermə hüququna malik olan 50 mln. 483 min 192 nəfər seçici ölkə daxilində 60 min seçki məntəqəsində 130 min səsvermə qutusunda səs verib. Səsvermə axşam saat 18:00-da bitməli olsa da, müddət əvvəlcə iki, sonra bir, daha sonra isə bir saat artırılıb. Bundan əlavə, Tehran və Yəzd vilayətlərində səsvermə əlavə olaraq daha bir saat artırılıb. Belə ki, Tehran və Yəzd vilayətlərində səsvermə yerli vaxtla saat 23:00-da (Bakı vaxtı ilə 23:30-da) bitib. Digər vilayətlərdə isə səsvermə yerli vaxtla saat 22:00-da (22:30) başa çatıb.

 

Ölkə xaricində yaşayan İran vətəndaşları isə prezident seçkilərində 5 qitədə, 96 ölkədə, 128 nümayəndəlikdə, 290 qutuda səs verməklə iştirak ediblər. Azərbaycandakı İran vətəndaşları isə bu ölkənin Bakıdakı səfirliyində yaradılmış seçki məntəqəsində səs veriblər. Seçkiləri 39 ölkədən 420 jurnalist müşahidə edib. Seçkilərin nəticələri İran Daxili İşlər Nazirliyi tərəfindən açıqlanacaq, daha sonra İran Konstitusiyasına Nəzarət Şurası (Şura-ye Negəhban) yekun nəticəni təsdiqləyəcək. İran Konstitusiyasına görə, bir nəfər üç dəfə ardıcıl seçilə bilmədiyindən Mahmud Əhmədinejad bu seçkilərdə iştirak etməyib. İranda prezident 4 il müddətinə seçilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 665
avatar

Oxşar yazılar