Minskdə MDB sammiti Gürcüstanı bu quruma qayıtmağa çağırmaqla başa çatıb.
Lent.az-ın «RİA Novosti»-yə istinadən məlumatına görə, ev yiyəsi kimi toplantıya yekun vuran Belarus prezidenti Aleksandr Lukaşenko bildirib ki, MDB liderləri Gürcüstanın MDB-yə qayıtmasına şad olardı.
Minskdəki MDB sammitində isə əsas məsələlər iqtisadiyyata aid olub. Rusiya prezidenti Putin MDB ölkələrini dünya iqtisadiyyatının bərpa olunacağını gözləmədən iqtisadi strategiya hazırlamağa çağırıb.
A.Lukaşenkonun çağırışına rəsmi Tiflis cavab verib.
Gürcüstan Xarici İşlər Nazirliyinin sözçüsü Belarus prezidenti Aleksandr Lukaşenkonun təklifinə münasibət bildirərkən deyib: «Gürcüstanın xarici siyasət kursu dəyişməzdir. Yəqin Lukaşenko Minskdə MDB Dövlət Başçıları Şurasının sammitinin keçirilməsindən çıxış edərək belə deyib. Mövqeyimizin dəyişməyəcəyi gerçəklikdir. Bizim xarici kursumuz Avropaya, Avroatlantik məkana inteqrasiya etməkdir. Bu, Gürcüstan xalqının seçimidir və ölkə hökuməti bu kursu dəstəkləyir.