İranın keçmiş prezidenti Ələkbər Haşimi Rəfsəncani iyunun 14-də keçiriləcək prezident seçkisindən kənarlaşdırılıb.
Lent.az-ın «Frans press»-ə istinadən məlumatına görə, o, bununla bağla şikayət etməyəcək.
Bunun onun seçki qərargahının rəhbəri bəyan edib.
İranın ilk prezidenti, hazırda Fransada mühacirətdə yaşayan Əbülhəsən Bənisədr ötən gün Rəfsəncani ilə bağlı olayı şəhr edrkən deyib ki, prezident seçkisi və onun nəticələri əvvəlcədən düzülüb-qoşulub: “Budəfəki seçkinin özəlliklərindən biri ondan ibarətdir ki, hər şey əvvəlcədən müəyyən edilib. Məqsəd isə odur ki, ölkədəki respublika idarəçilik sistemi mahiyyətcə dəyişsin, cümhuriyyətdən əsər-əlamət qalmasın və ölkə prezidenti ali rəhbərin (ayətulla Xamneyi tutur bu vəzifəni-red.) qulluqçusuna çevrilsin.
Güman edirəm ki, Haşimi Rəfsəncani prezidentliyə namizədliyini irəli sürməklə siyasi həyatının son qumarına girib. Namizədliyinin qeyd alınmaması ilə o, bu qumarda heç nə uduzmur. Rəfsəncani nəinki heç nə itirmir, əksinə, qazanır da. Onsuz da son 8 ildə hər şeyi, bütün imtiyazları onun əlindən alıblar. Seçkiyə qatılmaqla Rəfsəncani itirdiyi imicini bərpa edə bildi.
Hadisələr xalqa göstərdi ki, hakimiyyət artıq özündən olan Rəfsəncani kimi bir şəxsə də dözə bilmir. Bu isə Rəfsəncani üçün uduşdur. Bununla da o, cəmiyyətdə əvvəlki nüfuzunu qaytarmış olur. Onun yerinə kim olsaydı, belə edərdi. Haşimi Rəfsəncaninin namizədliyinin rədd edilməsi nəticəsində xalq bir daha ölkənin qarşılaşdığı bütün problemlərdə yalnız Xamneyinin günahkar olduğunu görür və onu bütün uğursuzluqların səbəbkarı sayır».
Bənisədr 1980-ci il fevralın 4-dən 1981-ci il iyunun 21-dək İran prezidenti olub. Sonra ölkədən qaçıb.