İran Xarici İşlər Nazirliyi Rusiya prezidenti Vladimir Putinin avqustun ortalarında İrana səfər edəcəyi haqda yayılan məlumatları təkzib edib.
Lent.az-ın xarici informasiya vasitələrinə istinadən məlumatına görə, İslam Respublikasının informasiya vasitələri bu il avqustun 16-da Rusiya dövlət başçısının İrana səfər edəcəyi barədə xəbər yaymışdı.
Rəsmi Tehran təkzib etsə də, hələlik bu xəbərə Kreml münasibət bildirməyib.
Qey edək ki, iyulun 24-də Rusiyanın “Kommersant” qəzeti prezident Vladimir Putinin avqustun ortalarında Tehrana səfər edəcəyi, İranın yeni prezidenti Həsən Ruhani ilə bu ölkənin nüvə proqramı ətrafında müzakirələr aparacağı haqda məlumat yaymışdı.
İran-Rusiya parlamentlərarası dostluq qrupunun rəhbəri Mehdi Sənai də iyulun 24-də jurnalistlərə açıqlamasında Rusiya liderinin İslam Respublikasına səfər edəcəyini bildirmişdi: “Putin gəmi ilə səfər edəcək. Səfər əsnasında Xəzərdə İran və Azərbaycan sahillərinə baxış da keçirəcək. Yeni prezidentin vəzifəsinin icrasına başladığı günlərə düşən bu səfər böyük əhəmiyyət daşıyır.
Hesab edirik ki, ölkənin nüvə proqramı ilə bağlı məsələlərdə İranla Rusiya bir-biri ilə daha sıx əməkdaşlıq etməli, tərəflər arasında bir sıra məsələlər koordinasiya edilməlidir. Rusiya prezidentinin ölkəmizə səfərində İranın 5+1 qrupu ilə növbəti nüvə danışıqlarında gündəmə gətiriləcək bəzi mövzular barədə razılığa gəlinməsi ehtimalı böyükdür”.