Polşanın qədim paytaxtında Azərbaycan-Polşa “Dostluq” abidəsinin açılıb
23 aprel 2013 22:25 (UTC +04:00)

Polşanın qədim paytaxtında Azərbaycan-Polşa “Dostluq” abidəsinin açılıb

 

Aprelin 23-də Heydər Əliyevin 90 illik yubileyi münasibəti ilə Polşanın qədim paytaxtı olan Qniezno şəhərində Azərbaycan-Polşa “Dostluq” abidəsinin açılışı olub. APA-nın xəbərinə görə, abidə 2 ölkə arasındakı diplomatik əlaqələrin qurulmasının 540, bərpasının isə 20 illiyinə həsr edilib.

 

"Dostluq" abidəsi üz-üzə dayanmış palıd yarpağı formasındadır. İç tərəfdən üzərində Azərbaycanın və Polşanın xəritəsi əks olunub. Bürünc materialda, parlaq rənglərdə verilmiş yarpağın bir tərəfində Heydər Əliyevin Polşa haqqında, digər tərəfdə isə Roma papası II İohann Pavelin Azərbaycan haqqında söylədiyi fikirlər yer alıb. Müəllifləri xalq rəssamı Salxab Məmmədov və əməkdar rəssam Əli İbadullayev olan abidənin hündürlüyü 3,5, eni isə 1,7 metrdir. Tədbir Azərbaycan və Polşanın dövlət himnlərinin səslənməsi ilə başlayıb.

 

Polşanın Qniezno şəhər merinin beynəlxalq əlaqələr üzrə müşaviri Eji Staxovyak abidənin açılmasını əlamətdar adlandırdı. Vurğuladı ki, Polşanın qədim paytaxtı olan bu şəhərə çoxsayda turist gəlir və onlar da 2 ölkə arasındakı münasibətlərin tarixindən ətraflı məlumat əldə edə biləcək.

 

Qniezno şəhərin meri Yasek Kovalski 2 ölkə arasında bütün sahələrdə uğurla inkişaf edən münasibətlərdən danışıb. “Bu gün Qniezno şəhərinin həyatında tarixi gündür” deyən Yasek Kovalski Polşada doğulmuş Roma papası 2-ci Iohan Pavelin Azərbaycana səfərini xatırlatdı və Heydər Əliyevin dəstəyi sayəsində Bakıda katolik kilsənin inşa edildiyini dedi.

 

“İki  ölkə arasındakı diplomatik əlaqələrin qurulmasının 540, bərpasının isə 20 illiyinə həsr edilmiş abidənin ulu öndər Heydər Əliyevin 90 illiyi ərəfəsində açılmasının xüsusi mənası var” deyən Azərbaycan Respublikası Mədəniyyət və Turizm nazirinin müavini Ədalət Vəliyev bildirib ki, Polşa 20-ci əsrin sonunda Azərbaycanı ilk müstəqil dövlət kimi tanıyan ölkələr sırasındadır. Nazir müavini qeyd edib ki, prezident İlham Əliyev də Azərbaycan-Polşa münasibətlərinin inkişafına mühüm töhfələr verib.  O qeyd edib ki, abidə ölkələr arasındakı münasibətlərin yüksək səviyyədə olmasını nümayiş etdirir. Nazir müavini bildirib ki, 19-cu əsrin sonu 20-ci əsrin əvvəllərində polyak memarlarının müəllifi olduğu binalar  indi də  Azərbaycana xüsusi gözəllik verir.    

 

 

Polşanın Mədəniyyət və Milli irs nazirinin müavini Yatsex Olbrat qeyd edib ki, bu abidənin ucaldılması yalnız Qniezno şəhərinin deyil, ümumilikdə Polşanın ictimai-siyasi və mədəni həyatında tarixi əhəmiyyət daşıyır. Yatsex Olbrat qeyd edib ki, Azərbaycan Polşa üçün olduqca vacib və dost ölkədir.

 

 

Azərbaycanın Polşadakı səfiri Həsən Həsənov 2 ölkə arasındakı münasibətlərin tarixin müxtəlif dövrlərindəki səviyyəsindən danışaraq qeyd edib ki, hazırda 2 xalq və dövlət arasındakı bu əlaqələr uğurla inkişaf edir. Sonra abidənin açılışı olub. Abidə önünə gül dəstələri qoyulub.

Qeyd edək ki, Qniezno şəhərində Azərbaycanla bağlı daha bir tədbir isə “Dostluq” abidəsinin tikintisinə həsr olunmuş sərgi və “Azərbaycan” zanbaq gülünün təqdimatı ilə bağlı olub. Bildirilib ki, hollandiyalı Jan Liqthart 35 ildir ki, zanbaq güllərinin yetişdirilməsi ilə məşğuldur.

 

 

Yetişdirdiyi növbəti gülə isə o, “Azərbaycan” adını veribÖlkəmizin adını verməsini isə Jan Liqthart belə əsaslandırıb: “Azərbaycan iqtisadi cəhətdən çox sürətlə inkişaf edən ölkədir. Bu cür ölkəyə isə mütləq nəsə həsr etmək lazımdır. Mən də yeni yetişdirdiyim zanbaq gülünü Azərbaycana həsr etdim. Zanbaq gülünün vətəni sizin regiondur . Bu addımımla istəyirəm ki, sizin regiondan bura gətirilən zanbaq gülləri yeni bir növlə vətəninə qayıtsın. Daha əvvəl mən dünya şöhrətli siyasətçi Heydər Əliyev və Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın da adına zanbaq gülləri yetişdirmişəm”.

 

 

Tədbirdə Azərbaycanın Polşadakı səfirliyinin hazırladığı və polyak dilinə tərcümə olunmuş Azərbaycanla bağlı kitablar da təqdim olunub. Sonra Azərbaycan incəsənət ustalarının iştirakı ilə maraqlı konsert baş tutub. Əməkdar artist Təyyar Bayramov (xanəndə), Arzu Əliyeva (xanəndə), Rövşən Qurbanov (tar), Xəyyam Məmmədov (kamança) ibarət musiqiçilərimizin xalq mahnıları, təsniflər, muğamlardan ibarət ifaları alqışılarla qarşılanıb. 

# 943
avatar

Oxşar yazılar