Parisdə Azərbaycan Respublikasının Fransadakı səfirliyin, Fransanın Milli Müdafiə üzrə Tədqiqatlar İnstitutu və Synopia düşüncə mərkəzi (think tank) ilə birgə təşkil edilmiş və «Cənubi Qafqazda geosiyasi durum, Azərbaycanın xarici siyasəti və regionda rolu» mövzusuna həsr edilmiş konfrans keçirilib. Konfransda Fransanın xarici işlər, daxili işlər və müdafiə nazirliklərinin, elmi tədqiqat mərkəzlərinin, müdafiə sahəsində fəaliyyət göstərən iri şirkətlərin və mətbuat orqanlarının nümayəndələri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Synopia mərkəzinin nümayəndəsi, enerji sahəsində fəaliyyət göstərən iri fransız şirkətlərində rəhbər vəzifələr tutmuş Jan Mark Şob (Jean-Marc Schaub) ölkəmiz haqqında, onun regionda və beynəlxalq aləmdə oynadığı rolu və əhəmiyyətindən söhbət açıb. Azərbaycan haqqında Fransa ictimaiyyətində az və ya bəzən bəlkə də həqiqəti tam əks etdirməyən məlumatların olduğunu qeyd edib. Hazırkı konfransın Azərbaycanın və onun əhəmiyyətinin daha yaxından tanınmasına töhfə verəcəyini qeyd edib.
Daha sonra səfir E.Əmirbəyov Azərbaycanın tarixi, iqtisadiyyatı və xarici siyasətinə həsr edilmiş geniş mühazirə ilə çıxış edib. Ölkəmizin dövlətçilik ənənələrindən söhbət açmış, 1991-ci ildə dövlət müstəqilliyini yenidən bərpa edən Azərbaycanın son 20 ildə keçdiyi üzləşdiyi problemlər və keçdiyi inkişaf yolunu hərtərəfli təhlil edib. Azərbaycan hökumətinin apardığı xarici siyasətin əsas prioritetləri, ölkəmizin Avropa təsisatlarına inteqrasiyası, qonşu dövlətlərlə münasibətlər, neft strategiyası və s. beynəlxalq terrorizmə qarşı mübarizədə iştirakı haqqında məlumat verib.
Səfir öz təqdimatında Ermənistanın Azərbaycana qarşı işğalçı siyasəti, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tarixi kökləri, Azərbaycanın işğal olunmuş ərazilərində hazırkı vəziyyət və münaqişənin həlli üçün aparılan danışıqlar prosesi məsələlərinə geniş yer ayırıb.
Səfir həmçinin konfrans iştirakçılarına Azərbaycan-Fransa münasibətləri, iki ölkə arasında siyasi, iqtisadi və mədəni əməkdaşlıq sahəsində aparılan işlər haqqında məlumat verib.
Çıxışının sonunda E.Əmirbəyov Azərbaycanda tarixən mövcud olan dini tolerantlıqdan söhbət açmış və ölkəmizin mədəniyyətlərarası və dinlərarası dialoqa verdiyi töhfələrdən danışıb.