Pakistanda elektrik enerjisi böhranı yaranıb
28 may 2013 12:38 (UTC +04:00)

Pakistanda elektrik enerjisi böhranı yaranıb

 

Pakistanda yay mövsümün başlanması, hərarətin 45-50 dərəcəyə yüksəlməsi ilə əlaqədar olaraq ölkədə enerji böhranı daha da dərinləşib. Lent.az-ın məlumatına görə, Pakistanın aparıcı “The Nation”, “Pakistan Observer” qəzetləri paytaxt İslamabad şəhərində, həmçinin Ravalpindi, Lahor, Multan, Fəysəlabad, Qucrannvala və digər şəhərlərdə, bütövlüklə Xayber Paxtunxva əyalətində 18-22 saatlıq elektrik kəsintisi barədə məlumat verib. Bildirilib ki, elektrikin kəsintisi Pakistanın bir sıra bölgələrində ciddi iğtişaşlara səbəb olub. Belə ki, Lahor şəhərində qəzəblənmiş kütlə magistral yollarını bağlayaraq Pəncab əyalətinin böyük bir hissəsini iflic vəziyyətinə salıb.

Pakistan Senatının Su və Enerji daimi komitəsində keçirilmiş dinləmələrdə vəziyyətin kritik həddə çatdığı, bunun vətəndaşların səhhətinə və iqtisadiyyata ciddi təsir etdiyi vurğulanıb. Qeyd olunub ki, hal hazırda ölkədə ən azı 5280-7000 MW elektrik enerjisi çatışmazlığı mövcuddur ki, bu rəqəm də tədricən artmaqdadır.

Senatda çıxış edən Su və Elektrik Katibi Ənvər Əhməd Xan elektrik kəsintisinin 6-7 saata qədər azaldılması üçün gündə 3 milyard rupi ( təqribən 30 milyon ABŞ dolları) tələb olunduğunu bildirib. O, Baş Nazirin ehtiyat fondundan bu məqsədlə 225 milyon ABŞ dolların ayırdığını, lakin onlara cəmi 55 milyon ABŞ dollar çatdığını bildirib.

Senat komitəsinin sədri senator Zahid Xan su və enerji nazirliyini senata saxta rəqəmlər təqdim etməkdə ittiham edib. Komitə sədri elektrik enerjisi kəsintisinin bütün ölkə üzrə bərabər paylaşmasını, bunun “ prezident , baş nazir və generallara da” şamil edilməsini tələb edib. Zahid Xan 60 MW elektrik enerjisinin Kəraçi şəhərindən kəsərək ölkənin digər regionlarına istiqamətlənməsinə dair əmr verib (Bu addım ölkənin sənaye mərkəzi olan Kəraçi şəhərində minlərlə müəssisənin dayanmasına səbəb olacaqdır). Senator elektrik enerjisi qiymətinin artırılması haqqında hökumətin qərarının dərhal icra edilməsini tələb edib.

Burada bildirilir ki, Pakistanın elektrik stansiyaları təqribən 8000 MW enerji istehsal edir ki, bu da tələb olunan enerjinin 25 %-ni belə ödəmir. Cari ilin 23 may tarixində yanacaq qıtlığı səbəbindən Pakistanın 18 elektrik stansiyası fəaliyyətini dayandırıb və bu səbəbdən də ölkə 1500 MW enerjidən məhrum olub. Mütəxəssislər belə davam edəcəyi təqdirdə Pakistanın bütün bölgələrində sutka ərzində 20-22 saat elektrik kəsintisinin olacağını bildirirlər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 549
avatar

Oxşar yazılar