Lent.az-ın “İTAR-TASS”a istinadən məlumatına görə, məktuba ABŞ Silahlı Qüvvələrinin bu məqsədlər üçün cəlb olunmasını sanksiyalaşdıran qətnamənin layihəsi əlavə olunub.
Bir səhifəlik sənəddə 1973-cü ildə qəbul olunmuş Hərbi səlahiyyətlər barədə Qanuna istinad yer alıb. Qeyd edək ki, bu qanuna əsasən, ABŞ prezidenti ölkənin Silahlı Qüvvələrini 60 gün ərzində ölkə hüdudlarından kənarda istifadə etmək hüququna malikdir.
“Suriyada kimyəvi və ya digər kütləvi qırğın silahının istifadəsi ilə bağlı prezidentə Silahlı Qüvvələrdən lazım və mümkün bildiyi kimi istifadə etmək hüququ verilir”, deyə sənəddə bildirilir.
Sənəddə belə bir addımın atılması, birincisi, kimyəvi və bioloji silah daxil olmaqla istənilən kütləvi qırğın silahının istifadəsinin və yayılmasının (o cümlədən, terrorçu qruplaşmalara və ya digər dövlət və qeyri dövlət birləşmələrinə ötürmə) qarşısının alınması ilə izah olunur.
İkincisi, belə bir addımın atılması ABŞ-ı, həmçinin onun müttəfiq və tərəfdaşlarını bu tip silahların təhlükəsindən qorumağa imkan verəcək.
Obama administrasiyasının planına görə, sənəd Konqresin hər iki palatasının birgə qətnaməsi formasında olmalıdır. Sənədin müzakirəsinə sentyabrın 9-dan sonra başlanacağı gözlənilir.