Müsəlman Qardaşları  üsyana çağırdı
08 iyul 2013 15:51 (UTC +04:00)

Müsəlman Qardaşları üsyana çağırdı

Misirdə vətəndaş müharibəsi təhlükəsi artır.  

 

Lent.az-ın Türkiyənin NTV telekanalına istinadən verdiyi məlumata görə, bu gün səhər saatlarında Qahirədə Respublika Qvardiyasının bazası yaxınlığında devrilmiş prezident Məhəmməd Mursinin tərəfdarlarına atəş açılması nəticəsində ölənlərin sayı 42 nəfərə çatıb.

 

Misir Səhiyyə Nazirliyi 342 yaralının xəstəxanaya yerləşdirildiyini açıqlayıb. Ordunun aksiyaçıları atəşə tutmasından sonra Məhəmməd Mursinin mənsub olduğu Müsəlman Qardaşları Hərəkatının (İhvan) siyasi qanadı olan Azadlıq və Ədalət Partiyası yazılı açıqlama yayıb. İhvanın yazılı açıqlamasında inqilabın tanklarla oğurlandığı vurğulanıb və xalq inqilabı oğurlayanlara qarşı üsyana çağırılıb.

 

Məhəmməd Mursi tərəfdarlarının kütləvi aksiyalarının səngiməməsi, ordunun faktiki ölkəyə nəzarəti itirməyə başlaması və Müsəlman Qardaşları Hərəkatının üsyan çağırışı fonunda prezidentin devrilməsində orduya dəstək verən müxalifət sülh çağırışı ilə çıxış etməyə başlayıb. Müxalifət liderlərindən Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin sabiq rəhbəri Məhəmməd əl-Baradeyi “Twitter” sosial şəbəkəsindəki ölkəyə sülh lazım olduğunu bildirib. O, Respublika Qvardiyasının bazası qarşısında baş verən qanlı olayın araşdırılması üçün bütün tərəfləri müstəqil araşdırmanın aparılmasını təmin etməyə çağırıb.

 

Bu arada Türkiyə Xarici İşlər Nazirliyi bu gün səhər namazı zamanı Misir Respublika Qvardiyasının qərargahı önündə namaz qılan aksiyaçılara atəş açılması ilə bağlı bəyanat yayıb. Bəyanatda qeyd edilir ki, Misirdə demokratiyanın bərpası üçün oturaq aksiya keçirən aksiyaçılara atəş açılması nəticəsində 50-dən çox insan öldürülüb, 500-dən çox yaralı var və bu, ciddi narahatlıq doğurur.
Rəsmi Ankara hesab edir ki, insanların kütləvi hədəf seçilməsi Misirdə çox dəhşətli proseslərə yol aça biləcək bir olaydır: “Bu hücum ifadə azadlığı və sülhpərvər aksiya hüququ kimi bəşəri dəyərlərin ayaq altına atılması ilə bərabər, zorakılığı alovlandıracaq bir təxribat xarakteri daşıyır. Misir xalqının təxribatlara uymadan və zorakılıqdan qaçaraq demokratiya yolunda sərgilədiyi davranış hər cür təqdirə layiqdir. Beynəlxalq ictimaiyyəti demokratiyanı dəstəkləməyə və Misir xalqının demokratik mübarizəsinə dəstək verməyə dəvət edirik. Misirdə Konstitusiyaya uyğun olaraq xalqın sərbəst iradəsinə hörmətlə yanaşılması və vaxt keçmədən demokratiyaya geri dönülməsi qardaş Misirin sabitliyi və inkişafı üçün vacibdir. Türkiyə dost və qardaş Misir xalqı ilə həmrəyliyini davam etdirəcək”.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1049
avatar

Oxşar yazılar