Bütün qış aylarını -30-35 dərəcə şaxtalarla keçirən Moskvada həddindən artıq istilər müşahidə olunur. Bu gün paytaxtda yaz ayları üçün 130 ilin ən isti temperaturu qeydə alınıb. APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, Rusiya Meteorologiya Xidmətindən verilən açıqlamada paytaxt ərazisində bu günə qeydə alınan temperaturun 29 dərəcə olduğu bildirilib. Sonuncu dəfə yaz aylarında bu yüksəklikdə temperatur 1883-cü ildə qeydə alınıb. Moskva ərazisində may ayında 1946-cı ildə 27 dərəcə, 1996-cı ildə isə 28 dərəcə temperatur qeydə alınıb.
Ekspertlərə görə, gündəlik temperatur normasının mövsüm normasından 8-9 dərəcə çox olduğu Moskvada may ayında bu yüksəklikdə temperaturun olması normal hal deyil.
Meteoroloqlar istilərin paytaxtda daha iki həftə davam edəcəyini, sonra isə yağışlı havanın olacağını söyləyiblər.
Qeyd edək ki, 2010-cu ilin yay aylarında Moskvada havaların həddindən artıq isti keçməsi nəticəsində meşə yanğınları baş verib və bütün paytaxt ərazisi dumana bürünüb.