Dağıstan Respublikasının paytaxtı Mahaçqalada ikiqat terror aktının təşkilində 22 yaşlı Məhəmmədrəsul Şahbanov və 24 yaşlı Mahmud Əliyev şübhəli bilinir. Lent.az-ın Rusiya Federasiyasının Təhqiqat Komitəsinin saytına istinadən verdiyi məlumata görə, M. Şahbanov və M. Əliyev “Mahaçqala qruplaşması”nın üzvləridir.
Hər iki şəxs axtarışa verilib. Onlarla birgə terror aktını həyata keçirmiş daha 2 yaraqlının şəxsiyyəti müəyyənləşdirilir.
Alkoqol satışı ilə məşğul olan iki ərzaq mağazasında terror aktı oktyabrın 30-da baş verib. Qaçırılmış “VAZ-2114” avtomobili ilə hərəkət edən cinayətkarlar mağazaya partlayıcı qurğu yerləşdiriblər. Partlayış nəticəsində 1 nəfər ölüb, 17-si yaralanıb.
Qeyd edək ki, “Mahaçqala qruplaşması”nın tərkibinə müxtəlif vaxtlarda 30-dək yaraqlı daxil olub. Qruplaşmanın rəhbəri hazırda müxtəlif mənbələrə əsasən, “Abu Məhəhhəm” ləqəbli Arsanali Kambulatov və “Abu-Nur” ləqəbli Murad Qasımovdur. Oktyabrın 21-də Volqoqradda avtobusda özünü partladan Naidə Asiyalova da bu qruplaşmada olub.